23–25 iyul 2026-cı il tarixlərində Şuşa şəhərində Türkiyənin İKSAD Təşkilatı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmlər Tədqiqi İnstitutu (ESRİ), Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və İ.Razzakov adına Qırğızıstan Dövlət Texniki Universitetinin birgə təşkilatçılığı ilə “4-cü Beynəlxalq Elmi Tədqiqat Konfransı” keçirilmişdir.
Müxtəlif ölkələrdən alim və tədqiqatçıların iştirak etdiyi konfrans elm, təhsil və innovasiya sahələrində aparılan müasir tədqiqatların təqdim olunması, elmi fikir mübadiləsinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və yeni elmi əlaqələrin qurulması baxımından mühüm platforma olmuşdur. Konfrans çərçivəsində humanitar, sosial, təbiət və texniki elmlər üzrə aktual mövzular ətrafında geniş elmi müzakirələr aparılmış, müasir tədqiqat istiqamətləri və onların praktik tətbiqi ilə bağlı məruzələr dinlənilmişdir.
Konfransda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da fəal iştirak edərək qoruq ərazisində aparılan elmi-arxeoloji tədqiqatların nəticələri, mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlərə həsr olunmuş məruzələrlə çıxış etmişlər. Təqdim olunan elmi məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanmış, müzakirələr zamanı mədəni irsin mühafizəsi, elmi tədqiqatların inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Belə nüfuzlu beynəlxalq elmi tədbirlərdə iştirak “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda həyata keçirilən elmi fəaliyyətin beynəlxalq elmi ictimaiyyətə təqdim olunmasına, qoruğun zəngin tarixi-mədəni irsinin tanıdılmasına, eləcə də gələcək elmi əməkdaşlıqların formalaşmasına və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verir.
