Keşikçidağda qədim daş dövrünün öyrənilməsi istiqamətində yeni tədqiqatlara başlanılıb.

Keşikçidağda qədim daş dövrünün öyrənilməsi istiqamətində yeni tədqiqatlara başlanılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində Azərbaycanın qədim tarixinin öyrənilməsi istiqamətində növbəti mühüm addım atılıb. Belə ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov Qoruğun müraciəti və təşkilatçılığı ilə ərazidə yeni tədqiqatlara başlayıblar. Tədqiqatlar Qoruğun direktoru Musa Mursaquliyev və əməkdaşları iştirak ilə aparılır. Məlum olduğu kimi, bu bölgədə 1939-cu ildə aparılan tədqiqatlar zamanı ibtidai primat qalıqları aşkar olunmuşdur. Keçən əsrin 60-cı illərində isə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mansur Mansurov tərəfindən 20-dən artıq Paleolit tapıntı yerləri qeydə alınmışdır. Bu səbəbdən, bölgə tanınmış paleolitşünas V. P. Lyubin tərəfindən “Udabno ocağı” adlandırılmışdır. Ötən əsrin 80-ci illərində isə bu coğrafiya rayonunda Mansurov tərəfindən aparılan tədqiqatlarda 4 yeni Alt Paleolit düşərgəsi qeydə alınmış və arxeoloji nümunələrin texnoloji tipoloji xüsusiyyətlərinə görə “Ceyrançöl arxeoloji mədəniyyəti” anlayışı elmə daxil edilmişdir. Bununla belə, o dövrdə texniki vasitələrin olmadığı səbəbdən, qeyd olunan abidələrin dəqiq koordinatları müəyyən edilməmişdir.
Aparılan arxeoloji tədqiqatların əsas məqsədi Keşikçidağ və onun ətraf ərazilərində qədim, daha öncə məlum olan abidələrin dəqiq koordinatlarını müəyyənləşdirmək, həmin abidələrdən əldə olunmuş kolleksiyaları yeni tapıntılarla zənginləşdirməkdir. Eləcə də, geniş kəşfiyyat işləri aparılaraq yeni abidələrin üzə çıxarılması nəzərdə tutulur.

Spread the love