17 iyun 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Qazaxıstan Respublikasının “Ezelgi Taraz” Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun moderatorluğu ilə “Mədəni irs, elmi tədqiqat və gənclər: VI Yay Məktəbi kontekstində Keşikçidağ–Taraz dialoqu” mövzusunda beynəlxalq onlayn seminar keçirilmişdir. Qoruq əməkdaşları, Xəzər Universitetinin könüllüləri arxeoloq və tarixçilər, universitet müəllimləri, doktorantlar, magistrantlar, tələbələr, muzey və mədəni irs sahəsində çalışan mütəxəssislərin iştirakı ilə baş tutmuş elmi seminarı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Muzey və Qoruqlar şöbəsinin qoruqların idarəedilməsi sektorunun müdiri Mahir Qəhrəmanov açaraq tədbirin iki dövlət arasında əməkdaşlığın gücləndirilməsinə verəcəyi töhfədən, “Ezelgi Taraz” Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktor müavini Yerjan Aksanbayeviç və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev tədbirin əhəmiyyətindən AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov, isə Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu ərazisində həyata keçirdiyi arxeoloji qazıntı və tədqiqatların nəticələri, aşkar olunmuş artefaktlar və onların qədim yaşayış məskənlərinin öyrənilməsi baxımından elmi əhəmiyyətinə dair slayd təqdimatı ilə çıxış etmişdir. Daha sonra BDU-nun dosenti, tarix elmləri namizədi Yunis Nəsibli, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, “Ezelgi Taraz” Tarix-Mədəniyyət Muzey-Qoruğunun elmi işçiləri- Şalkeeva Juldız Mukhan qızı, İbadildaeva Madina Mananbay qızı, tarixçi, Orynbasar Akerke Ergabul qızı, Kəribekova Akdidar Janibek qızı, İcraçı şöbə Muzey işi və ekskursiya fəaliyyəti Akgül Altınbekova Janbolat qızı və Muktasimov Ali Salimoviç öz məruzələri ilə çıxış etmişlər. Seminarın əsas məqsədi Azərbaycan və Qazaxıstan arasında mövcud olan ortaq tarixi-mədəni irsin öyrənilməsi və təbliği istiqamətində elmi əməkdaşlığın genişləndirilməsi, mədəni irs sahəsində aparılan tədqiqatların təşviqi, gənclərin elmi və ictimai fəaliyyətlərə cəlb olunmasının dəstəklənməsi, eləcə də iki qardaş ölkənin mədəni irs qurumları arasında təcrübə mübadiləsinin inkişaf etdirilməsi olmuşdur. Tədbir çərçivəsində son beş il ərzində ardıcıl şəkildə həyata keçirilən “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi” layihələrinin nəticələri geniş şəkildə təqdim edilmişdir. Bildirilmişdir ki, sözügedən layihələr yalnız arxeoloji tədqiqatların aparılması baxımından deyil, həm də gənc tədqiqatçıların praktiki bilik və bacarıqlarının artırılması, mədəni irsin qorunması sahəsində ictimai iştirakçılığın genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Seminarda Keşikçidağ ərazisində aparılmış arxeoloji tədqiqatların elmi nəticələri, aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin tarixi əhəmiyyəti, onların elmi dövriyyəyə daxil edilməsi istiqamətində görülən işlər, həmçinin arxeoloji irsin mühafizəsi və gələcək nəsillərə ötürülməsi məsələləri ətrafında müzakirələr aparılmışdır. Qeyd edilmişdir ki, Keşikçidağ kompleksi Qafqazın qədim tarixinin öyrənilməsi baxımından mühüm elmi potensiala malik olmaqla yanaşı, regionun mədəni müxtəlifliyini və tarixi inkişaf mərhələlərini əks etdirən nadir irs nümunələrindən biridir. Tədbir zamanı 2026-cı ilin yay aylarında təşkil olunacaq “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi VI” layihəsinin fəaliyyət istiqamətləri, elmi proqramı, iştirakçıların qarşısında duran vəzifələr və gözlənilən nəticələr barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, layihə çərçivəsində aparılacaq tədqiqatlar regionun qədim yaşayış və mədəniyyət tarixinin daha dərindən öyrənilməsinə, yeni elmi nəticələrin əldə olunmasına və beynəlxalq elmi əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəkdir. Seminar iştirakçıları mədəni irsin qorunması və tədqiqində gənclərin rolunun artırılmasının vacibliyini xüsusi vurğulamış, bu istiqamətdə beynəlxalq yay məktəblərinin və elmi-təcrübi proqramların əhəmiyyətini qeyd etmişlər. Həmçinin ortaq tarixi irsin öyrənilməsi sahəsində Azərbaycan və Qazaxıstan alimləri arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış, mədəni irsin qorunması, elmi tədqiqatların inkişafı və gənclərin bu sahədə fəal iştirakının təmin edilməsi istiqamətində birgə layihələrin davam etdirilməsinin vacibliyi vurğulanmışdır. Həmçinin seminarda iştirak edən məruzəçi və tələbələrə hər iki qoruq tərəfindən beynəlxalq sertifikat təqdim edilmişdir. Seminar qarşılıqlı elmi müzakirələr və səmərəli fikir mübadiləsi şəraitində başa çatmışdır.
