Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Çıraqqala-Şabran”, “Qədim Şəmkir şəhəri” və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruqları türk dünyasının ortaq mədəni irsinin tədqiqi və beynəlxalq elmi əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi Mədəniyyət Komitəsinin “Saraishyq” Dövlət Tarixi-Mədəniyyət Muzey-Qoruğu tərəfindən Beynəlxalq Muzeylər Gününə həsr olunmuş onlayn elmi tədbir təşkil olunub. Tədbir çərçivəsində “Orta əsrlərdə türk dövlətləri və onların mədəni əlaqələri” mövzusunda dəyirmi masa və “Türk xalqlarının ortaq tarixi-mədəni irsi” adlı onlayn sərgi keçirilib. Dəyirmi masada “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun könüllüsü Məmmədov İsrayıl “Qoruğun arxeoloji irsi və türk dünyasının ortaq mədəni dəyərləri” mövzusunda elmi məruzə ilə çıxış edib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Rusiya Federasiyasından nümayəndələr iştirak edərək ortaq mədəni irsin qorunması və beynəlxalq elmi əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
