13–14 aprel 2026-cı il tarixlərində görkəmli alim, paleolitşünas, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə və “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş, Mansur Mansurovun iştirakı ilə uzun illər ərzində formalaşmış elmi ənənələrin davamı kimi “Gəncə-Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Bu mühüm tədbir ərəfəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında hazırlıq məqsədilə iclas keçirilmişdir. İclas zamanı konfransın yüksək səviyyədə təşkili üçün vacib olan təşkilati və texniki məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. Görüşdə iştirakçıların qəbulu, qonaqların qarşılanması və yerləşdirilməsi, konfrans zallarının texniki təchizatı, tədbirin KİV-də işıqlandırılması, məqalə və tezislərin qəbulu, dövrləşdirilməsi, toplanaraq nəşrə hazırlanması, həmçinin qonaqların bölgənin tarixi abidələri ilə tanışlıq üçün ekskursiyaların təşkili məsələləri müzakirə olunmuşdur.
