Azərbaycan xalqının əsrlər boyu formalaşmış xalq təqvimi təbiətin ritmi ilə sıx bağlı olmuş, ilin fəsilləri isə yalnız iqlim dəyişiklikləri deyil, həm də dünyagörüşün və həyat tərzinin göstəricisinə çevrilmişdir.

Azərbaycan xalqının əsrlər boyu formalaşmış xalq təqvimi təbiətin ritmi ilə sıx bağlı olmuş, ilin fəsilləri isə yalnız iqlim dəyişiklikləri deyil, həm də dünyagörüşün və həyat tərzinin göstəricisinə çevrilmişdir. Kiçik çillə iyirmi gün davam edir və qışın ikinci mərhələsi sayılır. Kiçik çillə adından göründüyü kimi daha qısa olsa da, bəzən daha sərt və qarlı keçməsi ilə seçilir. Xalq arasında “Kiçik çillə Böyük çillədən sərt olar” deyimi də bu inamdan qaynaqlanır. Qarın torpağı ağ örpəyə bürüdüyü, dağların və qayaların səssiz bir əzəmət qazandığı bu günlər təbiətin özünəməxsus gözəlliyini nümayiş etdirir.
Kiçik çillədən sonra isə Boz ay başlayır. Boz ay qışla bahar arasında keçid mərhələsidir və Novruza aparan yolun başlanğıcıdır.
Keşikçidağ kimi zəngin tarixi və təbii irsə malik bir məkanda, Ceyrançöldə Kiçik çillənin qarlı havasında aparılan çəkiliş xüsusi rəmzi məna daşıyır. Qarın səssizcə qədim kurqanların, mağara-məbəd kompleksinin və sərt qayalıqların üzərinə enməsi zamanın donmuş anını xatırladır. Ağ örpəyə bürünmüş çöl mənzərəsində uzaqdan görünən qoyun sürüləri, qarın üzərində asta-asta irəliləyən çoban izi, soyuq havanı yarıb keçən at kişnərtiləri isə bu təbiət səssizliyinə həyat nəfəsi qatır. Çöldə dolaşan sürülərin səsi, küləyin vıyıltısı və atların səsi qədim köç yollarını, çöl mədəniyyətini və minilliklərin yaddaşını yada salır.
Qarlı mənzərə fonunda çəkilən görüntülər yalnız mövsüm təsviri deyil, həm də xalq təqviminin canlı yaşadılmasının, köçəri həyat tərzinin və milli-mədəni irsə bağlılığın təcəssümüdür.
Beləliklə, Böyük çillə, Kiçik çillə və Boz ay Azərbaycan xalqının zaman anlayışını, təbiətlə harmoniyasını və ənənəvi dünyagörüşünü əks etdirən mühüm mərhələlərdir. Ceyrançöldə qarlı havada Kiçik çillə çəkilişi isə bu qədim təqvim ənənəsinin müasir təqdimatı kimi, təbiət, tarix və canlı çöl ruhunun vəhdətini nümayiş etdirən xüsusi əhəmiyyət daşıyır.

Spread the love