Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi milli-mədəni irsimizin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm strateji əhəmiyyət daşıyır. Bu qərar Azərbaycan şəhərsalma və memarlıq ənənələrinin tarixi dəyərinin bir daha ön plana çəkilməsinə, eləcə də müasir dövrdə davamlı inkişaf prinsiplərinin təşviqinə xidmət edir. Azərbaycanda şəhərsalma və memarlıq mədəniyyəti çoxəsrlik zəngin inkişaf yolu keçmiş, milli-mədəni kimliyin formalaşmasında mühüm rol oynamışdır. Qədim İpək Yolu üzərində yerləşən və Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr qurmuş iri şəhərlərimiz tarixən mühüm ticarət, sənətkarlıq və mədəniyyət mərkəzləri kimi tanınmışdır. Bu qarşılıqlı əlaqələr şəhərlərin plan quruluşuna, memarlıq üslubuna və ümumi şəhər mühitinə özünəməxsus xüsusiyyətlər qazandırmışdır. Tarixin müxtəlif mərhələlərini özündə əks etdirən memarlıq abidələri isə şəhərsalma ənənələrinin formalaşmasında və inkişafında müstəsna əhəmiyyətə malikdir. Belə zəngin və çox dövrlü irs nümunələrindən biri də Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğudur. Qoruq ərazisində qorunub saxlanılan qədim yaşayış məskənləri, ilkin planlaşdırma elementləri və memarlıq izləri regionun şəhərsalma tarixinin öyrənilməsi baxımından dəyərli mənbə hesab olunur.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə “Keşikçidağ”Dövlət tarix mədəniyyət qoruğunun yerləşdiyi Ceyrançöldə, qoruğa məxsus informasiya mərkəzində ağacəkmə aksiyası həyata keçirilmişdir. Aksiya qədim yaşayış sahələrinin yerləşdiyi ərazilərdə ekoloji tarazlığın bərpası, təbii landşaftla memarlıq irsi arasında tarixi harmoniyanın qorunması və mədəni irsin davamlı inkişaf prinsipləri əsasında yaşadılması məqsədi daşıyır. Tədbir çərçivəsində qoruq əməkdaşlarının iştirakı ilə 300-dən çox badam tingi əkilmişdir. Ağacəkmə aksiyası yalnız ekoloji təşəbbüs olmaqla kifayətlənməyərək, eyni zamanda mədəni irsin qorunmasına məsuliyyətli yanaşmanın, təbiət və memarlıq irsinin vəhdətinin real nümunəsi kimi dəyərləndirilir. Bu cür tədbirlər tarixlə müasirliyin uzlaşdırılmasına, mədəni irsin ekoloji mühitlə birgə qorunmasına və cəmiyyətin bu sahədə maarifləndirilməsinə mühüm töhfə verir.
