Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş və Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, türk dünyasının ortaq mədəni irsinin elmi əsaslarla tədqiqi və beynəlxalq elmi müstəvidə tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirməkdədir. Qoruğun elmi-tədqiqat strategiyasına uyğun olaraq son dövrlərdə beynəlxalq tərəfdaşlıq və institusional əməkdaşlıq sahəsində mühüm təşəbbüslər reallaşdırılmışdır.
Bu istiqamətdə atılan növbəti əhəmiyyətli addım kimi Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin iştirakı ilə “Keşikçidağ” tarix-mədəniyyət qoruğu ilə Qazaxıstan Respublikasının Ежелгі Тараз ескерткіштері» мемлекеттік тарихи-мәдени музей-қорығы» РМҚК Ежелгі Тараз. “Ejeli Taraz Abidələr” Dövlət tarix-mədəniyyət muzey-qoruğu arasında elmi-tədqiqat və qarşılıqlı təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanmışdır. Sözügedən sənəd türk dünyasının ortaq tarixi-mədəni irsinin qorunması, sistemli şəkildə öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından mühüm strateji əhəmiyyət kəsb edir.
Memorandumun əsas məqsədi tərəfdaş qurumlar arasında elmi-tədqiqat fəaliyyətinin daha da inkişaf etdirilməsi, birgə arxeoloji qazıntıların və elmi ekspedisiyaların təşkili, maddi-mədəniyyət nümunələrinin elmi əsaslarla öyrənilməsi, mühafizəsi və beynəlxalq miqyasda təbliği sahəsində əməkdaşlığın möhkəmləndirilməsidir. Eyni zamanda sənəd çərçivəsində gələcəkdə birgə layihələrin, tematik sərgilərin, beynəlxalq elmi konfransların və mədəni mübadilə proqramlarının həyata keçirilməsi, elmi və institusional səviyyədə təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq memorandumu çərçivəsində “Keşikçidağ” və “Ejeli Taraz” qoruqları regionun qədim sivilizasiya mərkəzlərinin, tarixi-mədəni əlaqələrin formalaşma mərhələlərinin və inteqrasiya proseslərinin araşdırılması istiqamətində birgə elmi nəticələrin əldə edilməsini, ortaq türk irsinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasını hədəfləyirlər. Bu təşəbbüslər regionun zəngin arxeoloji potensialının dünya elmi ictimaiyyətinə təqdim olunmasına, eləcə də mədəni diplomatiyanın inkişafına mühüm töhfə verəcəkdir.Bağlanmış memorandum “Keşikçidağ” və “Ejeli Taraz” qoruqları arasında elmi əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir və gələcəkdə birgə arxeoloji tədqiqatların aparılması, beynəlxalq elmi layihələrin icrası, eləcə də mədəni təşəbbüslərin həyata keçirilməsi üçün möhkəm elmi və institusional zəmin formalaşdırır. Həmçinin memorandumun bağlanma mərasimində Qazax rayonunda yerləşən “Avey”Dövlət tarix-mədəniyyət qoruğu da iştirak etmişdir.
