Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutunu və Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzinin birgə təşkilatçılığı ilə “ADA-da irs günü: Bölgəmizin mədəniyyətindən akademik dünyaya körpü” adlı sərgi və elmi seminar keçirilmişdir. Elmi seminarda ADA Universitetinin Qazax Mərkəzinin magistrları, BDU Qazax filialının müəllim və tələbələri, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və kollektivi, o cümlədən bölgənin tarixi abidələrində elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparmış alimlər, bölgənin tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları, bölgənin abidə mühafizəçiləri, bölgənin ümumtəhsil məktəblərinin tarix müəllimləri, tədqiqatçılar, rayon ziyalıları, gənc könüllülər iştirak etmişlər. Elmi seminarın keçirilməsində məqsəd bölgəmizin qədim mədəni irsini geniş auditoriyaya tanıtmaq, Keşikçidağ qoruğunda aparılan arxeoloji tədqiqatların nəticələrini ictimaiyyətə təqdim etmək və elmi müzakirələr üçün platforma yaratmaqdır. 23.12.2025-ci il tarixində təşkil olunmuş tədbir iki mərhələli şəkildə-ADA Universitetinin Qazax Mərkəzində və İsrafil Ağa Hamamı İncəsənət Mərkəzində həyata keçirilmişdir. Tədbir çərçivəsində ilk olaraq İsrafil Ağa Hamamı İncəsənət Mərkəzində qoruğun arxeoloji tapıntılarından ibarət xüsusi sərgi nümayiş olunmuşdur. Həmçinin tarixi abidələrimizin fotoşəkillərinin əks olunduğu baynerlər və videoçarxların nümayişi üçün monitorlar da quraşdırılmışdır. Sərgi çərçivəsində qoruq ərazisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri, qoruğa məxsus çap məhsulları və bərpa guşəsi sərgilənmişdir. Tədbirin ikinci mərhələsi ADA Universitetinin Qazax Mərkəzində elmi seminarla davam etdirilmişdir. Elmi seminarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev və ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü tədbirin keçirilməsinin məqsədi, əhəmiyyəti və gələcəkdə bu istiqamətdə aparılacaq qarşılıqlı əməkdaşlıqla bağlı çıxış etmişlər. Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, arxeoloq Lola Hüseynova bölgəmizdə o cümlədən Keşikçidağ Kurqanlar Vadisində yerləşən arxeoloji abidələrdə aparılan arxeoloji tədqiqatların nəticələrinə dair, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, antropoloq Ülkər Allahverdiyeva isə antropoloji tədqiqatlara dair təqdimatlarla, müstəqil tədqiqatçı Faiq Nəsibov isə bölgənin mədəni irsi haqqında çıxış etmişlər Elmi seminarın sonunda iştirakçılar sual-cavab və müzakirə formatında fikir mübadiləsi aparmışlar.
