"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlər ardıcıl şəkildə davam etdirilir.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlər ardıcıl şəkildə davam etdirilir. Bu məqsədlə, 25 sentyabr 2025-ci il tarixində qoruğun direktoru Musa Mursaquliyev ilə Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun rəhbəri Nurlan Musagaliyeviç Dukenbayev arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Onlayn formatda keçirilən memorandumun imzalanması tədbirində ilk öncə uzun illərdir qoruq ərazisində tədqiqatlar aparmış AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov çıxış etmişdir.
Sözügedən memorandumun imzalanması ortaq türk dövlətlərinin eyni zəngin tarixi köklərə, dərin bağlara və ümumi mədəni irsə malik olduqlarının bariz nümunəsidir. Tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsini, qarşılıqlı elmi-mədəni əlaqələrin inkişafını və müştərək tədqiqatların aparılmasını nəzərdə tuturlar.
Bu əməkdaşlıq yalnız iki qurum arasında mədəni və elmi əlaqələrin güclənməsinə deyil, həm də ümumtürk dünyasının ortaq mədəni irsinin qorunmasına, təbliğinə və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verəcəkdir. Eyni zamanda, türk dövlətləri arasında elmi-mədəni inteqrasiyanın yeni mərhələyə yüksəlməsinə xidmət edəcəkdir. Bu memorandum, tarixi-mədəni irsin mühafizəsi, öyrənilməsi və beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyət kəsb edir.
“Həzrət Sultan” qoruğu ilə gələcək əməkdaşlıq çərçivəsində tərəflərin birgə arxeoloji qazıntılar və tədqiqatlar aparması xüsusi əhəmiyyət daşıyır. Bu fəaliyyətlər yalnız maddi-mədəni irsin üzə çıxarılmasına deyil, həm də regionların ortaq arxeoloji mənzərəsinin müəyyənləşdirilməsinə xidmət edəcəkdir.
Eyni zamanda, iki qoruğun təşəbbüsü ilə müxtəlif ölkələrdə birgə sərgilərin təşkili nəzərdə tutulur ki, bu da əldə olunan nəticələrin geniş auditoriyalara çatdırılmasına və beynəlxalq elmi ictimaiyyətin diqqətinin cəlb edilməsinə imkan verəcəkdir. Qarşılıqlı onlayn seminar və konfransların keçirilməsi mütəxəssislər arasında bilik və təcrübə mübadiləsini sürətləndirəcək, müasir elmi metodologiyaların tətbiqinə şərait yaradacaqdır.
Bundan əlavə, tərəflər gələcəkdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində elmi-arxeoloji qazıntıların və yay məktəbinin təşkilini planlaşdırırlar ki, bu da gənc tədqiqatçıların təcrübə qazanmasına və beynəlxalq səviyyədə elmi inteqrasiyaya böyük dəstək olacaqdır.
Əldə olunan elmi nəticələrin Qazaxıstan mediasında işıqlandırılması isə, mədəni irs sahəsində ortaq fəaliyyətlərin tanıdılması və ictimai rəyin maarifləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir. Bu proses həmçinin iki ölkə arasında mədəni əlaqələrin güclənməsinə xidmət edəcəkdir.
Əməkdaşlıq nəticəsində qazanılacaq təcrübələr gələcəkdə digər türk dövlətlərinin də bu prosesə cəlb olunmasına zəmin yaradacaqdır. Beləliklə, imzalanmış memorandum yalnız ikitərəfli əməkdaşlıq sənədi olmaqla kifayətlənmir, həm də ortaq türk elmi-mədəni məkanının formalaşmasına strateji töhfə verir.

Spread the love