24 noyabr 2025-ci il tarixində Ağstafa Gənclər Evi “Sosial Xidmət Müəssisəsi”nin fəal gənc könüllüləri “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasına tanışlıq səfəri etmişlər. Səfər çərçivəsində könüllülər əvvəlcə qoruğun inzibati binasında təqdim olunan, ərazidə aşkarlanmış maddi-mədəniyyət nümunələrindən ibarət kiçik muzey tipli stendlə tanış olmuş, burada nümayiş etdirilən artefaktların tarixi funksiyası və elmi əhəmiyyəti barədə məlumatlandırılmışlar.
Qoruğun əməkdaşları tərəfindən Keşikçidağ Kurqanlar Vadisində aparılan elmi tədqiqatlar, arxeoloji qazıntılar və onların regionun orta tunc, son tunc-erkən dəmir dövrü mədəniyyətinin öyrənilməsində rolu haqqında gənclərə ətraflı izah verilmişdir. Səfərin davamında könüllülərin iştirakı ilə inzibati binada dəyirmi masa təşkil olunmuş, burada qoruq ərazisində yerləşən arxeoloji və memarlıq abidələri haqqında məlumat təqdim edilmiş, eləcə də arxeoloji yay məktəblərində könüllülərin iştirakı və bu prosesin gənclərin elmi-praktiki bacarıqlarının inkişafına verdiyi töhfələr müzakirə olunmuşdur.
Tədbirin əsas məqsədi gənclərin milli mədəni irsə marağını artırmaq, onların arxeoloji tədqiqatlara cəlb olunmasını təşviq etmək və yerli tarixşünaslıqla bağlı biliklərini genişləndirməkdən ibarətdir.
