Adı: Yovşanlıdərə 7 saylı kurqan
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 05-30 iyun 2025-ci il
Dövrü: Orta tunc dövrü
Bu kurqan qazılmış digər kurqanlardan cənubda, təpə üzərində, Keşikçidağ zirvəsinə qalxan şosse yoluna yaxın (təxminən 150 m aralıda) yerləşir. Kurqanın diametri 28 m, müasir yer səthindən hündürlüyü isə 2 m idi. Kurqanın üst örtüyü çınqıl qarışıq qumlu torpaqdan tökülmüşdür.Orta Tunc dövrünə aid diametri 28 m, hündürlüyü 2 m olan, sərkərdənin dəfn edildiyi kurqandan zəngin artefaktlar aşkarlanmışdır. Eni 2 m, uzunluğu 6 m və dərinliyi 3 m olan kurqanda qəbir kamerası uzunu boyunca üç yerə bölünmüşdür: insan skeletinin və onun avadanlıqlarının qoyulduğu yer (otaq), gil qabların qoyulduğu yer (otaq) və tamamilə boş olan yer (otaq). Yəqin ki, bu əlamət “o biri dünya”ya inamın ifadəsi olaraq mərhumun “ruhunun qidalandığı və sükunət tapdığı yer” kimi ehtimal edilə bilər. Kurqanda yarımbükülü vəziyyətdə sərkərdənin (boyunun uzunluğu 2 metrdən artıq) əlində tutulmuş, dördtilli tunc nizə ucluğu, ayaq biləyi nahiyəsində aşkarlanan tunc bəzək əşyası, pasta muncuqlar və obsidiandan hazırlanmış əmək alətləri, 12 ədəd xüsusi inkrustasiyalı və zəngin naxışlı saxsı küp aşkarlanmışdır ki, bu küplərin hər biri boğaz və çiyin hissələrində mürəkkəb nöqtəvari döymə və basma naxışlarla bəzədilib, həmin ornamentlərin içərisi isə xüsusi ağ maddə ilə doldurularaq inkrustasiya olunub. Küplərin içərisində “o dünya üçün azuqəlik” hesab edilən bişmiş heyvan (keçi, inək, at, qaban) sümükləri aşkar olunmuşdur. Bu tapıntılar həmin dövrün hərbi texnologiyasını, sosial strukturunu və dəfn ayinlərini əks etdirən mühüm sübut hesab olunur. Aşkar olunmuş skeletin anatomik durumu və nizə ucluğunun yerləşmə forması, həmin şəxsin döyüşçü statusuna malik olduğunu və ehtimal ki, xüsusi bir ritual mərasimlə dəfn edildiyini göstərir. Bu tip nizə ucluğu indiyədək nəinki Azərbaycanda, hətta bütövlükdə Cənubi Qafqaz regionunda son dərəcə nadir rast gəlinən tapıntılardan hesab olunur.










