Adı: Yovşanlıdərə 4 saylı kurqan
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 05-30 iyun 2025-ci il
Dövrü: Orta tunc dövrü
3 saylı kurqandan 8 m şimalda yerləşən 4 saylı kurqanın diametri 18 m, müasir yer səthindən hündürlüyü 1 m idi. Kurqanın üst örtüyü tamamilə orta ölçülü çay Çay daşlarından ibarət örtük kurqanın ətəyindən mərkəzə doğru uzanır. Mərkəzə doğru bu daş örtük dairə boyunca kəsilir və diametri 6 m olan torpaq sahəsi gəlir. Bərk, tökmə torpaq gilli olub çətin qazılırdı. Torpaq olan hissənin tam mərkəzində, kurqanın düz mərkəzində diametri 3×2 m olan sıx daş düzümü vardır. Ehtimal etmək olurdu ki, bu daş yığımı kurqanaltı qəbir kamerasının düz üzərində qurulmuşdur və qəbir kamerası mərkəzdədir. Kurqan ətəyinin daş örtüyü qismən açılmış və şimal-şərq və cənub-şərq yaruslarında daş örtük üzərində torpaq qatı götürülmüşdür. Mərkəzi qəbir kamerasının üst daşlarının arasından 5 ədəd yanaşı qoyulmuş iy başlıqları və saxsı nümunələri aşkar edilmişdir.







