ADA Universitetinin Qazax Mərkəzində “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Damcılı mağara düşərgəsində 2016–2023-cü illərdə yaponiyalı və azərbaycanlı arxeoloqlardan ibarət beynəlxalq ekspedisiya tərəfindən aparılmış tədqiqat işlərinə və həmin tədqiqatların nəticələrinə əsasən nəşr olunmuş iki elmi əsərlərin təqdimatına həsr edilən “Damcılı mağarası: tarix, arxeologiya və mədəniyyət – yeni nəşrlərin təqdimatı” adlı tədbir keçirilmişdir. Tədbir Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən təşkil olunmuşdur. Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi də tədbirdə iştirak edərək ölkəmizin zəngin arxeoloji irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində həyata keçirilən bu mühüm elmi fəaliyyətə dəstəyini nümayiş etdirmişdir. Qeyd edək ki, tədbirdə Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Şəmkir və Ağsu Dövlət tarix-mədəniyyət qoruqlarının əməkdaşları da iştirak etmişlər.













