2 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Qazax Müəllimlər Seminariyasının ADA Universitetinin Qazax Mərkəzində “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay məktəbi -5” layihəsi; Ağstafa-Qazax bölgəsinin arxeoloji irsi yeni tədqiqatlar işığında mövzusunda elmi-praktiki seminar keçirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul şəxsləri, BDU Qazax filialının professor-müəllim heyətinin, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivinin, o cümlədən bölgənin tarixi abidələrində elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparmış alimlərin, abidə mühafizləri və tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarının, tarix müəllimlərinin, ziyalıların, gənclərin iştirakı ilə təşkil olunmuşdur. Elmi-praktiki seminarın keçirilməsində əsas məqsəd layihənin nəticələrini elmi ictimaiyyətə təqdim etmək, aparılmış tədqiqatların arxeoloji əhəmiyyətini dəyərləndirmək, iştirakçıların əldə etdiyi praktiki və nəzəri bilikləri bölüşmək, eyni zamanda gələcək tədqiqat istiqamətləri və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmaqdır.
Elmi-praktiki seminar Qazax Müəllimlər Seminariyasının ADA Universitetinin Qazax Mərkəzində qurulmuş, qoruğun qurduğu çap məhsullarından ibarət sərgi, arxeoloji sərgi və bərpa guşəsi ilə tanışlıqla başlamışdır. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev seminarı açıq elan sözü Qazax Müəllimlər Seminariyasının ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlüyə vermişdir. Sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Yaqub Məmmədov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru, pedoqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva, Bakı Dövlət Universitetinin Qazax filialının əməkdaşı, Tədris və elmi işlər üzrə direktor müavini, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Məmmədov çıxış etmişdir. Həmçinin elmi-praktiki seminarın rəsmi hissəsinin sonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən keçirilən Ağstafa rayon ümumtəhsil müəssələrinin şagirdləri arasında “Keşikçidağda tarixin izləri” adlı esse müsabiqəsinin 1-ci, 2-ci və 3-cü yer üzrə qaliblərin mükafatlandırılması həyata keçirilmişdir. Elmi-praktiki seminar başa çatdıqdan sonra qonaqların iştirakı ilə “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay məktəbi-5” adlı layihənin həyata keçirildiyi “Yovşanlıdərə” kurqanlarına elmi tur təşkil olunmuşdur. Ekspedisiyanın rəhbəri tərəfindən arxeoloji qazıntıların aparıldığı ərazi və burada aşkarlanmış zəngin artefaktlar haqqında geniş məlumat vermişdir.













