İnanc yeri Qüdrət bulağı

11 Sentyabr 2018 Zamanın yaranışından insanların bir çox təbiət hadisələrinə və digər canlı və cansız cisimlərə inancları olmuşdur. Azərbaycan ərazisi ilk yaşayış məskəni olduğundan inanclar-kultlar da məhz bu ərazidə geniş yayılmışdır. İnanclar əcdadlarımızın məişətində, düşüncəsində dərin iz buraxaraq bu günümüzə qədər gəlib çıxmışdır. Ölkəmiz ərazisində olan inanclar xalqımızın qədim tarixə malik olan mənşəyini, mədəniyyətini, dini-etik xüsusiyyətlərini əks etdirir. Ucsuz-bucaqsız, quraqlığın hökm sürdüyü Ceyrançöldə insanların təbiət hadisələrinə – müxtəlif dağlara, ağaclara, oda və digər inanclara inamı olmuş, suya inanc isə daha güclü olmuşdur. Suyu ilahinin möcüzəsi sanmışlar. Keşikçidağ mağaralar kompleksində yerləşən, təbiət abidəsi hesab edilən, tarixi daş dövrünə gedib çıxan yerli əhali arasında suyu şəfaverici, ilahi qüvvəyə malik bir bulaq kimi tanınan, insanların inanc yeri kimi hesab edilən “ Qüdrət bulağı”dır. Bulağın adının Qüdrət olması suyunun mifoloji təsirə malik olduğunu düşünmələri ilə bağlı olmuşdur. Ərazinin səhralıq, bitki örtüyünün zəif olmasına baxmayaraq bulağın qarşısında yerli əhali arasında inanclı hesab edilən dağdağan, əncir, saqqız, qoz, zoğal, armud, üzüm və digər ağaclar bitir. Sovetlər dönəmində müttəfiq respublikaların sərhədləri açıq olduğu vaxtlar bulağın ziyarətgahına 100-lərlə insan gəlirdi. Yerli əhali arasında Qüdrət bulağının müqəddəsliyi geniş yayılmışdır.