Arxeologiya və Etnoqrafiya İnsititutunun Ağstafa rayonu ərazisindəki abidələri tədqiq edən ekspedisiyası tərəfindən 2008-ci ildə «Keşikçidağ» Dövlət tarix-mədəniyyət qoruğunda arxeoloji qazıntı işləri aparmışdır. Qoruq Ceyrançöldə..."/> Arxeologiya və Etnoqrafiya İnsititutunun Ağstafa rayonu ərazisindəki abidələri tədqiq edən ekspedisiyası tərəfindən 2008-ci ildə «Keşikçidağ» Dövlət tarix-mədəniyyət qoruğunda arxeoloji qazıntı işləri aparmışdır. Qoruq Ceyrançöldə..."/> Arxeologiya və Etnoqrafiya İnsititutunun Ağstafa rayonu ərazisindəki abidələri tədqiq edən ekspedisiyası tərəfindən 2008-ci ildə «Keşikçidağ» Dövlət tarix-mədəniyyət qoruğunda arxeoloji qazıntı işləri aparmışdır. Qoruq Ceyrançöldə..."/>

KEŞİKÇİDAĞDA ARXEOLOJİ ARAŞDIRMALAR

Arxeologiya və Etnoqrafiya İnsititutunun Ağstafa rayonu ərazisindəki abidələri tədqiq edən ekspedisiyası tərəfindən 2008-ci ildə «Keşikçidağ» Dövlət tarix-mədəniyyət qoruğunda arxeoloji qazıntı işləri aparmışdır.
Qoruq Ceyrançöldə, Gürcüstan sərhəddinə yaxın ərazidə, dağların cənub və cənubi-şərq tərəfdəki qum daşından ibarət sıldırımlarında orta əsrlər dövründə qazılmış mağaralardan ibarət monastr kompleksidir. Qoruğa daxil olan mağaralardan ibarət sahələrdən birində (Tablo 1,1) qoruq əməkdaşları tərəfindən aparılan təmizlik-abadlaşdırma işləri zamanı 19 №-li mağarada (Tablo 1,2) 3 ədəd qəbir aşkar edilmişdir (tablo 2,1). Mağaranın içərisi demək olar ki, kvadrat formalıdır: 5,5 m x 5,1 m. Döşəmədən tavana qədər maksimal hündürlük 3,2 m-dir. Tavanı kümbəzşəkillidir, uzunmüddətli hisdən tam qaralmışdır. Düzbucaqlı formalı girişin eni 1,37 m, hünd-ürlüyü 2,3 m-dir.
Qeyd edilən hər üç qəbirdə arxeoloji qazıntı işləri aparılmışdır. Qəbirlər mağaranın şimal və qərb hissələrini əhatə edir. Onlar qum daşından ibarət döşəmədə səliqə ilə qazılmışdır. Qəbirlərin ağız – yuxarı hissəsi kənarlara doğru pilləşəkilli qaydada genişləndirilmişdir. Bunda məqsəd iri sal daşları aşağı pillədən qoymaqla qəbirlərin ağzının mağaranın döşəməsinin səthi ilə eyni səviyyədə bağlanması idi. Qəbir kameralarının hamısı şimali-qərb – cənubi-şərq istiqamətlidir.
İki qəbirdə – 1 və 2 №-li qəbirlərdə insanlar dəfn edilmişdir. Qəbirlərdən sərdabə kimi (sərdabə – bir neçə və daha artıq sayda insanların dəfn edildiyi qəbir) istifadə edilmişdir. 3 №-li qəbir kamerasının içərisi çöl quşlarının peyini və az miqdarda doldurulmuş narın torpaqdan təmizləndi. Onun içərisinin tamamilə boş olduğu və burada dəfnin icra edilmədiyi müəyyən olundu. 3 №-li qəbirlə yanaşı, giriş qapısına yaxın yerdə daha bir qəbirin 6-7 sm dərinlikdə və 10 sm enində kanal vasitəsi ilə konturları qazılmışdır. Lakin burada qəbir kamerasının qazılması işi sona çatdırılmamışdır. Görünür, 19 №-li mağara monastr məqsədi ilə deyil, məhz xristian müqəddəslərin dəfni üçün istifadə edilmişdir. Qoruq kompleksinə daxil olan digər səhələrdəki mağaraların bəzilərində də qəbirlərin aşkar ediləcəyi istisna deyildir.
Qəbirlər qazılma ardıcıllığı üzrə şərti olaraq nömrələnmişdir.
1 №-li qəbir (tablo 2,2) giriş qapısı ilə üzbəüz divarla yanaşı aşkar edilmişdir. Qəbir kamerasının bir tərəfi digər tərəfindən ensizdir.
Qəbir kamerası narın torpaqdan təmizlənərkən onun döşəməsində 3 insana məxsus skeletlər aşkar edilmişdir. Sümüklər qarışmış və onların nizamı pozulmuşdur. Kəllə sümükləri biri-birinə yanaşı şəkildə qəbir kamerasının şimali-qərb hissəsində aşkar edilmişdir. Burada insanlar ayrı-ayrı vaxtlarda dəfn edilmişdir. Növbəti ölən insanın meyidi qəbirə qoyularkən əvvəlki meyidə məxsus sümüklər qəbir kamerasının divarlarına doğru kənarlaşdırılmışdır. Bu səbəbdən də qəbirlərdəki sümüklər qarışmış və onların nizamı pozulmuşdur. Sümüklər torpaqdan təmizləndikdən sonra qəbir kamerasının üstü sal daşlarla qapadıldı.
2 №-li qəbir birincidən şimali-qərbdə olmaqla mağaranın şimal küncünü əhatə etmişdir. Qəbirin içərisi quş peyini qarışıq narın torpaqla dolmuşdur. Kameranın döşəməsində biri-birinə qarışmış iki insana məxsus sümüklərin olduğu müəyyən edildi. Kəllə sümükləri qəbirin şimali-qərb hissəsində yanaşı vəziyyətdə aşkar edilmişdir. Kəllə sümükləri parçalandığından onların ölçülərinin götürülməsi mümkün olmadı. Sümüklərin üstü torpaqla örtüldü.
3 №-li qəbir 2 №-li qəbirlə yanaşı qazılmışdır. Qəbirin içərisi tam təmizləndi və orada hər hansı bir dəfnin icra edilmədiyi müəyyən olundu.
Qəbirlər son orta əsrlər dövrünə aiddir. Onların dəqiq yaşı barədə konkret fikir söyləmək çətindir. Qəbirlərin heç birində arxeoloji materiallar aşkar edilməmişdir. Yalnız radiokarbon analizdən sonra qəbirlərin dəqiq yaşını müəyyən etmək mümkündür.
Yuxarıda qeyd edildiyi kimi 1 №-li qəbirdə yaxşı saxlanmış 3 ədəd kəllə sümüyü aşkar edilmişdir. Yalnız bu kəllələrin ölçülərini götürmək və onların antropoloji tipini müəyyən etmək mümkün olmuşdur.
1 №-li kəlləbraxikrandır (braxikran – girdəbaş). Sifəti yuxarıdan aşağı batıq və enlidir. Dik və orta ölçülü eni olan buruna malikdir. Başın arxa hissəsi yastıdır. Göz çuxurları hündür və enlidir. Yevropoid mənşəli olub Kafkasion və Ön Asiya antropoloji tiplərinin metis qarışığını özündə əks etdirən İberiya antropoloji tipinə aiddir. Bu antropoloji tip şərqi Gürcüstanın gürcü əhalisi üçün səciyyəvidir. İberiya antropoloji tipini ilk dəfə gürcü antropoloqu M.Q.Abduşelişvili XX əsrin 60-cı illərində müəyyən etmişdir (Абдушелишвили, 1964).
2 №-li kəlləbraxikrandır. Sifəti enli və yastıdır. Burnu orta hündürlükdə və orta endədir. Göz çuxurları çox da hündür olmayıb enlidir. Yevropoid mənşəli olub Kafkasion və Kaspi tiplərinin metis qarışığını özündə əks etdirir. Bu tipə Böyük Qafqazın həm gürcü, həm də azərbaycanlı əhalisi arasında rast gəlinir.
Belə antropoloji tip Gəncə – Qazax zonasının azərbaycanlı əhalisi arasında geniş təmsil olunmuşdur (Касимова, 1975). Eyni zamanda analoji antropoloji tip Mingəçevirin VII-IX əsrlərə aid xristian qəbirlərindən məlumdur (Касимова, 1960).
3 №-li kəllədolixokrandır (dolixokran – uzunbaş). Sifəti orta hündürlükdə və orta endədir. Burnu nazik və orta hündürlükdədir. Göz çuxurları orta hündürlükdə olub çox da enli deyildir. Yevropoid mənşəli Kaspi tipinə aiddir. Bu tip azərbaycanlılara aid olub, Azərbaycan ərazisində mezolit dövründən bu günə qədər bütün tarixi mərhələlərdə rast gəlinir (Касимова, 1984). 
“Keşikçidağ”dan aşkar edilmiş bu insan kəllə sümüklərinin ölçü göstəriciləri aşağıdakı cədvəldə verilmişdir:

Əlamətlər

Kəllə  1

Kəllə  2

Kəllə  3

1

Uzunluq ölçüsü

165

177

187

8

En ölçüsü

142

144

137

17

Hündürlük ölçüsü

126

134

134

8:1

Kəllə göstəriciləri

86

81,4

73,3

45

Sifətin eni

143

139

132

48

Sifətin hündürlüyü

64

65

73

51

Göz çuxurunun eni

44

44

39

52

Göz çuxurunun hündürlüyü

36

33

34

54

Burunun eni

25

26

24

55

Burunun hündürlüyü

55

52

53

«Keşikçidağ» qoruğunun yerləşdiyi sahə Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyasının ərazisinə daxil olmuşdur. Buradakı mağara monastır kompleksi də məhz Albaniyanın xristianlıq dövrü abidələridir. Xristianlığa qədər və xristianlıq dövründə qayalarda belə süni mağaraların düzəldilməsi Ön Asiyanın və Cənubi Qafqazın bir sıra bölgələri üçün səciyyəvidir. Belə məbəd mağaralara Keşikçidağdan əlavə, Qarabağda, Qazax rayonunda, Naxçıvanda və Şəki – Zaqatala bölgəsində rast gəlinir.
Tariximizin bütün dövrlərinə aid abidələri, o cümlədən xristianlıq dövrü abidələrin yüksək səviyyədə mühafizə və tədqiq edilməsi olduqca zəruridir.
İslam dininin Cənubi Qafqazda yayılması ilə əlaqədar olaraq Gürcüstanla həmsərhəd bölgədə yaşayan alban əhalisinin kiçik bir qismi gürcü xristianlığının təsir dairəsində qalmış və tədricən assimilyasiyaya uğramışdır. Həmin ərazilərdəki alban məbədləri də gürcü dindarlarının istifadəsinə keçmişdir. Keşikçidağdakı mağara – monastırlarda gürcü xristianlığı mövzusunda sonrakı dövrlərdə freskaların çəkilməsi də məhz bu hadisələrlə bağlıdır. “Keşikçidağ” qoruğundakı 1 №-li qəbirdə həm gürcü, həm də azərbaycanlılara məxsus kəllələrin aşkar edilməsi də məhz bununla bağlı ola bilər. Buradakı 2 və 3 №-li kəllələr orta əsrlərdə burada yaşamış albanlara aiddir.
«Keşikçidağ» Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının qoruğa yaxın ərazidə qədim qəbirlərin mövcudluğu barədə verdikləri məlumatı yerindəcə yoxlamaq üçün 2011-ci il iyun ayında həmin əraziyə arxeoloji ekspedisiya göndərilmişdir. Ərazi şimaldan «Keşikçidağ» qoruğunun sərhədləri, cənubdan «Karvan dərəsi» deyilən dərə ilə hüdudlanır. Sahə əsasən düzənlikdən ibarətdir. Ərazidən otlaq sahəsi kimi istifadə edilir. Bura baxış zamanı qoruq əməkdaşlarının verdikləri məlumat öz təsdiqini tapmışdır. Yəni bu ərazidə doğrudan da, qədim qəbirlərin olduğu müəyyən edilmişdir. Buradakı qəbirlər bir neçə hektar ərazini əhatə edən kurqanlardan ibarətdir. Burada onlarla kurqan tipli qəbirlərin olduğu müəyyənləşdirildi. Sahədə heyvandarlıqla əlaqədar olaraq süni göllərin yaradılması zamanı qədim qəbir abidələri dağıntıya məruz qalmışdır.
Kurqanların örtüyünün diametri bəzən 10-12 m-ə yaxınlaşır. Kurqan örtükləri çay daşlarından ibarətdir (Tablo 3,1). Bu kurqanların aid olduğu dövrü müəyyən etmək üçün onlardan birində qazıntı işləri aparıldı. Kurqanın mərkəzində yerləşmiş qəbir kamerasında heyvan sümükləri, 2 ədəd saxsı qab və tısbağa qını aşkar edildi (Tablo 3,2-3). Son tunc – erkən dəmir dövrünə aid qəbirdə tısbağa qınının aşkar edilməsi Mingəçevir qazıntılarından məlumdur (Асланов, Ваидов, Ионе, 1959). Qəbirdə insan skeletinə rast gəlinmədi. Azərbaycanın qərb bölgəsində yayılmış Xocalı – Gədəbəy mədəniyyətinə aid qəbir abidələrinin bəzilərində insan skeleti aşkar edilməmişdir. Yaylaq – qışlaq maldarlığı ilə məşğul olan qədim tayfaların dəfn adətlərində xatirat qəbirləri geniş yayılmışdır (Кесаманлы, 1999; Müseyibli, 2004; Müseyibli 2010). Bu tip xatirat qəbirlərindən biri də məhz hazırki qazdığımız kurqandır. Aşkar edilmiş keramika məmulatı əsasında bu kurqanı son tunc – erkən dəmir dövrünə – e.ə. II minilliyin sonlarına aid etmək olar.
Qəbirdə aşkar edilmiş qabların hər ikisi qara cilalıdır. Onlardan biri darboğazlı, küpətiplidir (Tablo 4). Qabın bütün səthi cila üsulu ilə çəkilmiş naxışlarla örtülmüşdür. Boğazdan oturacağa qədər düz xətlər, basma nöqtələr, çəpinə xətlər, dalğalı xətlər, səliqəsiz çəkilmiş üfüqi xətlər və yenədə oturacağa doğru çəkilmiş düz xətlər biri digərini əvəz etmişdir. Bütün bu naxış komponentlərini biri-birindən dörd ədəd üfüqi çəkilmiş zolaqlar ayırır. Qabın üstdən görünüşü Günəş təsvirini xatırladır. Burada ilin fəsillərinin biri-birini əvəzetməsi səhnəsinin rəmzi təsvir edildiyinidə ehtimal etmək mümkündür.
İkinci qab bardaq tiplidir (Tablo 5). Dar boğazlı olub,  ağız kənarını çiyinlə birləşdirən qulpa malikdir. Qabın gövdəsində və oturacağa yaxın yerdədeşik ləraçılmışdır. Belə hallara bəhs edilən dövrün qəbir abidələrində dəfələrlə rastgəlinmişdir. Qabın altı dabanlı oturacağa malikdirki, buda Xocalı– Gədəbəy mədəniyyəti keramikası üçün aztəsadüfedilən qablardandır. Bu qabında bütün səthi cila üsulu ilə naxışlanmışdır. Qabın üstündə yuxarıdan aşağıya şaquli zolaqlar, üçparalel üfüqi xətlər, torşəkilli təsvir, zəif cilalı sahə və ondan oturacağa doğru düz, uzun xətlər ardıcıllıqla çəkilmişdir.
Hər iki qabın Xocalı – Gədəbəy mədəniyyəti abidələrində çoxsaylı analoqları məlumdur.
Haqqında bəhs edilən bu kurqanları son tunc – erkən dəmir dövrünün maldarəhalisinə aiddir. Bu abidələrindi olduğu kimi üçmin il əvvəldə Ceyrançöl ərazisinin heyvandarlar tərəfindən qış otlaqsahələri kimi istifadə edildiyini göstərir.
Böyük Kəsik qəsəbəsindən təqribən 5 km şərqdə daha birneçə kurqan aşkar edildi. Bunların Keşikçidağ yaxınlığındakı kurqanlardan fərqi ondan ibarətdir ki, onların örtükləri hündür olub (2 m-əqədər), daha iri həcmlidirlər (Tablo 5). Yalnız arxeoloji qazıntılardan sonra bu kurqanların tunc dövrünün hansı mərhələsinə aid olduğunu qəti söyləmək mümkündür.
Aparılan çöl tədqiqat işləri göstərir ki, «Keşikçidağ» qoruğu və ətraf ərazilərdə müxtəlif dövrlərə aid çoxsaylı tarixi, arxeoloji abidələr vardır və onların araşdırılması ərazinin qədimtarixinin araşdırılması baxımından olduqca əhəmiyyətlidir.

 

 

ƏDƏBİYYAT:

    • N.Müseyibli. Zəyəmçay nekropolunda arxeoloji qazıntılar // «Azərbaycan arxeologiyası və etnoqrafiyası» jurnalı. Bakı, 2004, №2
    • N.Müseyibli. Zəyəmçay nekropolunun qəbir tipləri // «Azərbaycan arxeologiyası» jurnalı. Bakı, 2009, №2
    • Абдушелишвили М.Г. Антропология древнего и современного населения Грузии. Тбилиси, 1964
    • Касимова Р.М. Антропологические исследования черепов из Мингечаура. Баку, 1960
    • Касимова Р.М. Антропологическая исследования современного населения Азербайджанской ССР. Баку, 1975
    • Касимов Р.М. К этногенезу азербайджанского народа по данным антропологии // К проблеме этногенеза азербайджанского народа. Баку, 1984
    • Кесаманлы Г.П. Археологические памятники эпохи бронзы и раннего железа Дашкесанского района. Баку, 1999.

   Nəcəf Müseyibli tarix üzrə fəlsəfə doktoru
Anar Ağalarzadə tarix üzrə fəlsəfə doktoru
DmitriyKiriçenko tarix üzrə fəlsəfə doktoru

Spread the love