Şuşa qalası – Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarlarıdır və onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdır. Sonrakı dövrdə xalq şəhəri Qala, bir müddət sonra Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırmışdır. Şuşa adı ehtimal edilir ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülmüşdür.
Qalasının inşa edildiyi ərazi çoxsaylı təpə və yarğanlara malikdir. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlükdədir. Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm də qalanın xarici bədii siması baxımından özünü büruzə verir.
Şuşa qalası üç əsas qapısı olmuşdur- Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.