Kurqanlar

Keşikçidağ mağaralar kompleksinin ətrafında ilk insanların yaşayışı daş dövrünə aid edilir. Keşikçidağın yerləşdiyi silsilənin ətrafında aşkarlanan yaşayış mədəniyyəti izləri isə eramızdan əvvəl 3-4 min il əvvələ aiddir. Mağaralar kompleksindən 3 km cənubda yaşı son tunc-erkən dəmir dövrünə, eramızdan əvvəl II minilliyin əvvəllərinə aid 300-ə yaxın kurqan aşkarlanmışdır.
Keşikçidağ mağaralar kompleksinin ətrafındakı kurqan tipli qəbirlər bir neçə hektar ərazini əhatə edir. Kurqanların örtüyünün diametri bəzən 10-12 m-ə yaxınlaşır. Kurqanın örtükləri çay daşlarından ibarətdir. Bu kurqanların aid olduğu dövrü müəyyən etmək üçün onlardan birində qazıntı işləri aparılmışdır. Kurqanın mərkəzində aşkar edilmiş qəbir kamerasında heyvan sümükləri, 2 ədəd saxsı qab aşkar edildi. Qəbirdə insan skletinə rast gəlinmədi. Azərbaycanın qərb bölgəsində yayılmış Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbir abidələrinin bəzilərində insan skeleti aşkar edilməmişdir. Bu tip qəbirlərdən biri də məhz keşikçidağ mağaralar kompleksinin ərazisində qazılmış kurqandır. Aşkar edilmiş keramika məmulatı əsasında bu kurqanı son tunc-erkən dəmir dövrünə – e.ə. II minilliyin sonlarına aid etmək olar.
Keşikçidağ mağaralar kompleksindən 10 km cənubda daha onlarla kurqan aşkar edilmişdi. Bunların Keşikçidağ yaxınlığındakı kurqanlardan fərqi ondan ibarətdir ki, onların örtükləri hündür olub (2 m-ə qədər) daha iri həcmlidirlər. Onlardan birinin örtüyünün ətəyində üst paleolit dövrünə aid obsidiandan hazırlanmış alətlər aşkar edilmişdir. Görünür burada hələ daş dövründə qədim insan düşərgəsi mövcud olmuş, tunc dövründə isə burada kurqan qurulmuşdur. Bu kurqanın örtüyünün qurulması zamanı daş dövrü alətləri də qarışdırılaraq kurqanın örtüyünə atılmışdır.

Spread the love