Mədəniyyət Nazirliyinin 28 dekabr 2023-cü il tarixli, 3-24/3-1-f-326/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Tovuz Vəkil Bürosunun vəkili Əliyev Mahir Müşfiq oğlu və Qazax Mediasıya Şurasının 1saylı Mediasıya Təşkilatının mediatoru Nəsibov Zaur Sakit oğlunun iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.
Tədbirin keçirilməsində əsas məqsəd dövlət qurumlarında şəffaflığın, hesabatlılığın və etik davranış prinsiplərinin təşviqi, korrupsiya risklərinin qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi, habelə korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş normativ-hüquqi aktların tələblərinin əməkdaşlara çatdırılması olmuşdur. Dəyirmi masa zamanı korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanmış, bu sahədə həyata keçirilən institusional islahatlar, dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsinin əhəmiyyəti və ictimai etimadın möhkəmləndirilməsində şəffaf idarəetmə mexanizmlərinin rolu geniş müzakirə edilmişdir. Eyni zamanda, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası, korrupsiya hüquqpozmalarının qarşısının alınması yolları, maraqlar toqquşmasının aradan qaldırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Tədbir çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılmış, korrupsiyaya qarşı mübarizədə hər bir əməkdaşın məsuliyyəti, şəffaf və səmərəli idarəetmə mühitinin formalaşdırılmasında fərdi töhfənin əhəmiyyəti xüsusi qeyd edilmişdir.
