Qafqaz Albaniyasının yerli əhalisi hücumlardan qorunub dini baxışlarını hifz etmək üçün bu dağlara sığınmışlar. Dəniz səviyyəsindən 850 metr yüksəklikdə sıldırım dik qayalıqda yerləşən bu mağaralarda məskunlaşan yerli əhali su və qida baxımından çətinlik çəkirlərmiş. Bu mağaraların içərisində tək və bir neçə yaşayış otaqlarından ibarət sığınacaqlar, ibadət zalı, məişət-təsərrüfat təyinatlı otaqlar, su anbarı, ovdanlar qayaların bir neçə yarusda çapılması nəticəsində düzəldilmişdir.Mağaraların təbii şəraiti asketik həyat tərzi üçün yararlı olduğundan eramızın ilk əsrlərində Yaxın Şərqdə Qafqaz Albaniyasına gəlmiş rahiblər sıldırım qayalarda çapma və yaxud yonma üsulu ilə tərkibi qumdan ibarət yonulması asan olan iri qaya parçalarından uzunluğu 200-300 metrə çatan novlar çapıb düzəltmişlər. Sərt iqlim şəraiti hökm sürən quraqlıq səbəbindən yağış suyundan qənaətcil istifadə zərurətini hiss edən irahiblər qayalarda su quyuları üçün oyuqlar çapmışlar. Yağış suyunu ötürücü novlar vastəsi ilə öncə durulduculara yığan yerli əhali daha sonra onu sərin saxlaya bilən dərin quyulara yığırlarmış. Quyunun ətrafa sərinlik verdiyi nəzərə alınaraq onun yuxarı hissəsində qida məhsullarını uzun müddət saxlamaq üçün istifadə olunan ərzaq anbarı yeri düzəldilib. Hər üç-beş mağaradan bir hazırlanan 5,7, 10,12 tonluq dərinliyi 5 metrə çatan su quyuları və üzərində də topladıqları ərzaqları sərin saxlamaq məqsədi ilə eni 2 metr dərinliyi isə 3 metr olan ərzaq anbarları düzəltmişdirlər. Ərazidə yaşayan sakinlərin həqiqətən suya möhtac olmaları antik dövr tarixçiləri tərəfindən də təsdiqlənir. Plutarx yazır ki, e.ə. 65-ci ildə Roma sərkərdəsi Pompey Qafqaz Albaniyasında albanların üsyan qaldırmaları xəbərindən bərk qəzəblənir və qiyamı yatırmaq üçün qoşunlarını buraya göndərir. Kür çayını adlayıb ucsuz-bucaqsız susuz çöl üzərindən keçərək uzun məsafəni qət etməyə – Kambisenanı ram etməyə hazırlaşır və bu məqsədlə 10 min su tuluğu tədarük etmək əmrini verir. Bununla da onların suya olan ehtiyacı ödənilirdi.