Azər Yusifli

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin (ÇHD) baş giziri olan Azər Yusifli müharibə ərzində Sərhəd Qoşunlarının heyətində Cəbrayıl rayonunun Araz boyu olan yaşayış məntəqələrinin, Xudafərin körpüsü və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Uğurlu əməliyyatlar nəticəsində gecə saatlarında şəhər işğaldan azad olunmuşdur. Saat 04:00 radələrinə baş gizir Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılmışdır.

Azər Yusifli oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində şəhid olmuşdur. Oktyabrın 22-də Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Yusifli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” medalı, “Vətən uğrunda”medalı və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Şəhidimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ağstafa şəhərində yerləşən küçələrdən birinə Azər Yusiflinin adı verilmiş və həmin küçədə barelyefi qoyulmuşdur. Qeyd edək ki, Azər Nazim oğlu Yusifli DSX-nin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi, həmçinin “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur.