İnanc Yerimiz Qüdrət bulağı

5 avqust Keşikçidağ mağaralar kompleksinin şəfalı incisi, müqəddəs inanc yerimiz Qüdrət bulağı. Keşikçidağ ərazisi qədim yaşayış məskəni olduğundan inanclar-kultlar bu ərazidə geniş yayılmışdır. Tarixi atəşpərəstlik çağının yadigarı olan bulaq “İlham Əliyev zirvəsi”ndən 500 metr şimalda, dəniz səviyyəsindən 850 metr yüksəklikdə, sıldırım qayalıqların içərisində yerləşir. Bulağın adının Qüdrət olması suyunun mifoloji təsir gücünün olması ilə əlaqəlidir. Təbiətin bizə mükəmməl hədiyyəsi hesab edilən, faydalı minerallara sahib, büllur kimi təmiz, saf suyu olan bulaq Keşikçidağ mağaralar kompleksinin gözəlliyinə xüsusi duyğu qatır. Ərazinin quraqlıq olmasına baxmayaraq bulağın ətrafında inanclı hesab edilən dağdağan, əncir, cır armud, moruq və digər ağaclar bitir. Ta qədimdən bu günümüzə qədər yerli əhali tərəfindən Qüdrət bulağına müqəddəs tarixi abidə kimi inam olduqca güclüdür.