Anama ilə birgə əməkdaşlıq.

31 May. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yerləşdiyi ərazidə 1948-ci ildən 1990-cı ilədək SSRİ-nin Qafqazda ən böyük hərbi poliqonlarından biri yerləşib.

Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi ərazinin ətrafında uzun illər hərbi və artilleriya təlimləri keçirildiyindən ərazidə çoxlu sayda partlamış və partlamamış sursata rast gəlinirdi.

Qoruğun direktoru Musa Mursaquliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2018-ci ilin əvvəllərində Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə qoruğun yerləşdiyi ərazidə qoruq əməkdaşlarının və qoruğa gələn vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə ərazinin mina və partlamamış hərbi sursat qalıqlarından (PHS) təmizlənməsi üçün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Ağstafa rayonunun Saloğlu qəsəbəsində yerləşən bölməsi ilə danışıqlar aparılıb və sözügedən ərazidə qoruq əməkdaşlarının iştirakı ilə birgə fəaliyyət aparılması barədə razılığa gəlinib. ANAMA qoruq əməkdaşlarının nəzarəti ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən abidələrə zərər vermədən çoxlu sayda təlim məqsədli, partlamamış hərbi sursat qalıqları aşkarlayıb və qoruq ərazisindən kənarda beynəlxalq minatəmizləmə standartlarına uyğun zərərsizləşdirib.

Hərbi sursatların təmizlənməsindən öncə həmin ərazidə yerləşən tarixi abidələrin, kurqanların qorunması məqsədilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları ilə birlikdə kəşfiyyat işləri aparılaraq ANAMA-nın əməkdaşları məlumatlandırılıb.

Agentliyin müvafiq qrupu tərəfindən yekun monitorinq və keyfiyyət yoxlaması tədbirləri aparılıb, ərazinin sursatlardan təmizlənməsi işləri uğurla yekunlaşıb

Spread the love