Keşiçidağın arxeoloji irsi Albaniyada beynəlxalq elmi konfransda təqdim edildi

20–22 oktyabr 2025-ci il tarixlərində Albaniya Respublikasının Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan coğrafiyası: incəsənət, mədəniyyət, tarix və folklor” mövzusunda V Beynəlxalq Konfrans və sərgi keçirilmişdir.
Tədbirdə Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belarusiya, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 100-dən artıq alim və tədqiqatçı müxtəlif elmi istiqamətlərdə məruzələrlə çıxış etmişdir. Konfransda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev” “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru tarix üzrə fəlsəfə doktoru Səadət Əliyeva , tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli , Quba şəhərində ” Soyqırım Memorial Kompleksi”nin direltoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova , “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva iştirak etmişlər.
Konfransın əsas məqsədi Balkan, Anadolu və Qafqaz regionlarının ortaq tarixi-mədəni irsinin araşdırılması, qədim sivilizasiyalararası əlaqələrin tədqiqi və mədəni dəyərlərin qorunması məsələlərinin elmi müzakirəsini təmin etmək olmuşdur.
Konfransda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev “Keşikçidağ ərazisində yerləşən Yovşanlıdərə kurqanlarının arxeoloji təhlili” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Yovşanlıdərə kurqanlarının arxeoloji tədqiqat nəticələri, onların Qafqazın erkən tunc dövrü mədəni kompleksləri ilə əlaqələri və bu abidələrin regionun mədəni inkişaf mərhələlərinin öyrənilməsində rolu geniş şəkildə təhlil edilmişdir.
Çıxış konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, Keşikçidağ arxeoloji kompleksinin Qafqaz və Ön Asiya mədəniyyətləri arasında mühüm elmi əlaqə həlqəsi kimi əhəmiyyəti xüsusi qeyd olunmuşdur. Təqdim olunan elmi nəticələr Azərbaycanın qədim mədəni irsinin beynəlxalq elmi ictimaiyyətə inteqrasiyası baxımından yüksək qiymətləndirilmişdir.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunmuş, həmçinin tədbir çərçivəsində Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyi ziyarət edilmişdir. Bu səfərlər iştirakçılara Albaniyanın zəngin tarixi və mədəni mühitini yaxından tanımaq imkanı yaratmışdır.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun belə beynəlxalq elmi tədbirlərdə fəal iştirakı Azərbaycanın arxeoloji irsinin tanıdılması, ölkəmizin elmi nüfuzunun artırılması və mədəni əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Spread the love