“Uşaq hüquqları aylığı” çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “Uşaqların mədəni irsimizin qorunmasında rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin əsas məqsədi uşaqların hüquqları, onların mədəni həyatın iştirakçısı kimi rolu, milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsində məsuliyyətlərinin artırılması, həmçinin tarix və mədəniyyət abidələrinə hörmət ruhunda maarifləndirilməsindən ibarət olub.
Tədbir çərçivəsində uşaqlar ilk olaraq qoruğun inzibati binasında yaradılmış və Keşikçidağ Kurqanlar Vadisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş zəngin maddi-mədəniyyət nümunələrinin nümayiş olunduğu kiçik muzey tipli stendlə tanış olublar. Burada onlara arxeoloji tapıntıların tarixi əhəmiyyəti, qədim insanların həyat tərzi və maddi-mədəni irsin öyrənilməsində arxeoloji tədqiqatların rolu haqqında məlumat verilib.
Daha sonra uşaqların iştirakı ilə dəyirmi masa təşkil olunub. Diskussiya zamanı iştirakçılara uşaq hüquqları, mədəni irsin qorunmasının əhəmiyyəti, tarix və mədəniyyət abidələrinə qayğı ilə yanaşma, milli-mədəni dəyərlərin yaşadılması və bu prosesdə uşaqların fəal iştirakının vacibliyi barədə məlumat verilib.
Tədbir uşaqların tarixi-mədəni irsə marağının artırılması, onların milli dəyərlərə bağlılığının gücləndirilməsi və mədəni irsin qorunması istiqamətində ictimai məsuliyyət hissinin formalaşdırılması baxımından əhəmiyyət daşıyıb.
