04 noyabr 2025-ci il tarixində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış Şanlı Zəfərin 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən atlarla 8 Noyabr “Zəfər Günü”nə həsr olunmuş yürüş təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı Zəfər yürüşündə misilsiz qəhrəmanlıq göstərmiş, tariximizin ən şanlı səhifələrindən birini yazmışdır. Noyabrın 8-də, 28 illik həsrətdən sonra, Azərbaycan xalqı üçün böyük rəmzi və mənəvi əhəmiyyət daşıyan Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Vətən müharibəsi öz zirvəsinə çatmış, Qarabağın tacı olan Şuşa uğrunda aparılan döyüşlər dünya hərb tarixinə düşəcək unikal əməliyyat kimi yadda qalmışdır.
04 noyabr 2025-ci il tarixində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış Şanlı Zəfərin 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən atlarla 8 Noyabr “Zəfər Günü”nə həsr olunmuş yürüş təşkil edilmişdir. “Keşikçidağda Zəfər yürüşü” adlı tədbirin əsas məqsədi qəhrəman şəhid və qazilərimizin şücaətini xatırlamaq, eləcə də qədim Keşikçidağ abidələr kompleksini təbliğ etmək olmuşdur. Bu tədbir Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini, milli iradəsini və azadlıq uğrunda mübarizə əzmini bir daha nümayiş etdirmək məqsədi daşıyır. Zəfər yürüşü həm də şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizin fədakarlığının və xalqımızın birliyinin təntənəsidir.
Tədbirin məhz “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində keçirilməsi dərin simvolik məna daşıyır. Qoruğun yerləşdiyi qədim Ceyrançöl diyarı əsrlər boyu sərhədlərimizi qoruyan igidlərin, elat mədəniyyətinin və atçılıq ənənələrinin beşiyi olmuşdur. Bu ərazi həm də qədim karvan yollarının keçdiyi, Azərbaycan xalqının döyüş ruhunu, torpağa və azadlığa bağlılığını əks etdirən mədəni yaddaş məkanıdır.
Yürüşdə iştirak edəcək atlar Azərbaycanın qədim və dözümlü yerli cinslərindən olan Dilboz atları olmuşdur ki, bu cins atlar xalqımızın döyüş ruhunu, mərdlik və azadlıq uğrunda mübarizə ənənələrini simvolizə edir. Zəfər yürüşünün burada təşkili xalqımızın qəhrəmanlıq tarixinin, milli kimliyinin və mübarizə əzminin təcəssümüdür. Tədbirin məqsədi yalnız Zəfər Gününü qeyd etmək deyil, həm də gənc nəslə vətənpərvərlik, milli dəyərlərə hörmət və tarixi irsə bağlılıq hisslərini aşılamaqdır. Keşikçidağda atlarla keçiriləcək yürüş xüsusi rəmzi məna daşıyır. At qədim türklərin döyüş simvolu, azadlığın və iradənin təcəssümüdür. Keşikçidağın sərt qayalıqları və Ceyrançölün geniş düzənləri bu yürüş üçün təsadüfi seçilməyib. Bu coğrafiya həm təbiətin gücünü, həm də xalqımızın əsrlər boyu formalaşmış dözümlülüyünü simvolizə edir. Qoruğun ərazisində yerləşən qədim mağaralar, kurqanlar və məbədlər xalqımızın minilliklər boyunca bu torpaqlarda yaratdığı mədəni irsi və sarsılmaz mənəvi kökləri əks etdirir.
Yürüş Soyuqbulaq qəsəbəsindən, qoruğun adının əks olunduğu məlumat lövhəsinin qarşısından start götürərək, qoruğun informasiya mərkəzinədək davam etmişdir. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucov və məsul şəxsləri, könüllüləri, şəhid ailələri və qazilər, Ağstafa Gənclər Evi “Sosial Xidmət Müəssisinin əməkdaşları və könüllüləri, Qazax – Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, könüllüləri, karate və cüdoçuları, Ağstafa rayon Rəsm Qaleriyasının əməkdaşları və şagirdləri, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi, həmçinin rayon idarə və təşkilat rəhbərləri də iştirak etmişlər.
Yürüşün başlanğıcında qonaqlar Soyuqbulaq qəsəbəsində yeni çəkilmiş asfalt yolun 38-ci kilometrliyində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən inşa olunmuş məlumat lövhəsi önündə qarşılanmışlar. Milli geyimli gənclərin üçrəngli bayraqlarla bəzədilmiş atlarla yürüşü tədbirə xüsusi rəng qatmış, Zəfər ruhunu daha da yüksəltmişdir. Yürüş zamanı bələdçilər iştirakçılara Keşikçidağ Kurqanlar Vadisi barədə geniş məlumat vermiş, yürüşün ikinci mərhələsi qoruğun informasiya mərkəzinə qədər davam etmişdir. Qoruğa məxsus informasiya mərkəzinin önündə alaçıqlar qurulmuş, atların oyunu keçirilmiş və çaparlara milli atributlarımızdan olan al-əlvan kəlağayılar bağışlanmışdır.
Daha sonra qonaqların iştirakı ilə bizə şanlı tarixi yaşatmış şəhidlərimizin əziz xatirəsinə salınmış “Zəfər bağın”da ağacəkmə aksiyası həyata keçirilmişdir. Ağacəkmə aksiyası yekunlaşdıqdan sonra Ağstafa rayon Rəsm Qaleriyasının şagirdlərinin iştirakı ilə 8 Noyabr “Zəfər Günü”nə həsr olunmuş rəsm sərgisi təşkil olunmuşdur.
Tədbir iki hissəsdən ibarət olmuş, tədbirin rəsmi hissəsində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Himnin ardından şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra tədbirin rəsmi hissəsinə keçilmiş və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev çıxış edərək qonaqları salamlamışdır. Daha sonra Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucov çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik etmiş və Azərbaycan xalqının milli birliyinin, Ordumuzun gücünün, Müzəffər Ali Baş Komandanın qətiyyətinin bu qələbənin əsas dayaqları olduğunu qeyd etmişdir.
Şəhid ailələri çıxış edərək bildirmişlər ki, onlar üçün bu gün həm qürur, həm də kədər günüdür. Bugünkü yürüş onların ruhuna ən böyük ehtiramdır.
Tədbirin bədii hissəsində milli geyimli rəqqasların ifasında xalq rəqsləri, vətənpərvərlik ruhlu mahnılar səsləndirilmişdir. Həmçinin Zəfər Gününə həsr olunmuş canlı musiqi ifaları, milli rəqslər iştirakçılarında dərin emosiyalar doğurmuş, tədbirə mənəvi ucalıq bəxş etmişdir. Zəfər yürüşü çərçivəsində təşkil olunmuş güləş və digər milli idman yarışları da Azərbaycan əsgərinin iradəsini, gücünü və birlik ruhunu təcəssüm etdirir.
“Keşikçidağda Zəfər yürüşü” yalnız bir tədbir deyil, Azərbaycan xalqının milli yaddaşına, qəhrəmanlıq tariximizə və gələcək nəsillərin vətən sevgisinə ünvanlanan mənəvi mesajdır. Burada tarix, təbiət və Zəfər ruhu eyni səma altında birləşərək, əbədiyyətə uzanan bir yolun rəmzinə çevriləcəkdir.

Spread the love