Abidənin Adı: Alban məbədləri
Dövrü: ilkin orta əsrlərin sonu
Yerləşdiyi yer: Qatardağ, “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğu
Azərbaycan tarixən dini tolerantlıq ənənələrini yaşadan ölkələrdən biridir. Bu ölkədə yerləşən müxtəlif dinlərə aid qədim və unikal abidələr, məbədlər həm dövlət, həm də cəmiyyət tərəfindən həssaslıqla qorunur. Ceyrançöldə, bölgənin ən hündür yüksəkliyi olan Keşikçidağda ilkin orta əsrlərin sonuna aid edilən və bir-birindən 1500 metr aralıda yerləşən iki məbəd yerləşir. Məbədlərin tavanlarının günbəzvari hörgü ilə qurulması Alban memarlığının izlərini özündə əks etdirir. 1990-cı illərdə özününküləşdirmə məqsədilə mağara-məbədlərdə gürcülər tərəfindən bərpa-restavrasiya işləri aparılmışdır. Yerli sərt daşlardan yaxşı yonulmuş, səliqə ilə hörülmüş bu möhtəşəm məbəd konstruktiv həllinə görə alban memarlığı abidələri içərisində özəlliyi ilə seçilir. Onlardan biri dağa birləşdirilmiş, digəri isə dağın üstündə, nisbətən hamar yerdə tikilmişdir. Ceyrançölün Qatar dağı zolağında tikilmiş məbədlər xaricdən düzbucaq, daxildən oval-dairəvi quruluşdadır. Hər iki məbədin ön və yan hissələrində qoyulmuş mağzal formalı pəncərələri var və onlar tikilinin interyerini qismən işıqlandırır. Burada yerləşən müşahidə pəncərələri cənub və şimal istiqamətinə açılır. Belə ki, məbəd tikilən ərazinin qərb və şərq səmtləri dağ qılıcı, şimal və cənub tərəfi sıldırım qayalıqdır. Məbədin daxili sahəsini işıqlandırmaq məqsədilə divarlarda ensiz və uzunsov pəncərələr qoyulmuşdur. Dağa bitişik məbədin fasad hissəsində isə giriş qapısının üstündə ensiz iki ədəd pəncərə qoyulmuş və hörgü dam örtüyünə kimi davam etdirilmişdir. Məbədlərin divarlarında yerli tikinti materialından olan qaltan və çay daşı, dam örtüyündə isə bişirilmiş kirəmitdən istifadə edilmişdir. Bu üslubdan istifadə olunması Qafqaz Albaniyasında tikinti mədəniyyətinin, arxitekturasının yüksək olmasından xəbər verir, özündə alban memarlığının incəliklərini əks etdirir.











