Adı: Keşikçidağ Kurqanlar Vadisi
Yerləşdiyi yer: Ağstafa rayonu, Ceyrançöl düzənliyi
Dövrü: Son tunc-erkən dəmir dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)
Ceyrançöl coğrafi baxımdan olduqca əlverişli bir məkanda, Kür və Qanıx çaylarının ətrafında ucsuz-bucaqsız çöllüklərdə yerləşir. Qədim zamanlardan bu torpaqlar maldar əhali tərəfindən qışlaq yeri kimi geniş istifadə edilmişdir. Digər ərazilərdən bu torpaqlara qışlaq maldarlığını inkişaf etdirmək üçün xeyli sayda türk tayfalar gəlmiş, özlərinə məskən salmışlar. Bu da Ceyrançöldə açıq yaşayış dü şərgələrinin, yüzlərlə kurqanların mövcudluğuna zəmin yaratmışdır
Ceyrançöldə yerləşən Keşikçidağ mağaralar kompleksindən başlayaraq üzü cənuba doğru 20 km uzanaraq Kürün sol sahilində yerləşən Qarayazıya qədər olan bölgədə 150-dək tarixi e.ə. II minilliyin əvvəllərindən -I minilliyin sonlarına qədər davam edən kurqanlar yerləşir. Keşikçidağ Kurqanlar Vadisinin ərazisində yerləşən arxeoloji abidələr qədim tayfaların dəfn adətləri və sosial quruluşu haqqında məlumat verməklə yanaşı, bölgənin eneloit, tunc, dəmir (e.ə.6-5-ci əsrlər) kimi tarixi dövrlərinin (Soyuqbulaq kurqanları, Keşikçidağ kurqanları) xüsusiyyətlərini özündə yaşadır.
Qeyd edək ki, təsərrüfat işləri nəticəsində süni göllərin yaradılması zamanı buradakı qəbirlərdən bir neçəsi dağıntıya məruz qalmışdır. Bu kurqanların örtüyünün diametri bəzən 5-6 metrdən başlayaraq 20-25 metrə çatır. Kurqanların hündürlüyü 1 və yaxud 2 metrdən 3 metrə qədər çatır. Kurqan örtükləri çay daşlarından, çınqıldan və torpaqdan ibarətdir.
