Bu şəkil bizə çox şey danışır.
19 dekabr 2007-ci il.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2563 saylı sərəncamına əsasən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu yaradıldı. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu – Candargölün 15 km şimal-şərq istiqamətindən başlayaraq dəniz səviyyəsindən 750-950 m hündürlükdə, dağların cənub və cənub-qərb tərəfindəki sıldırım qayalıqlarda yerləşən mağara-məbədlər kompleksi. Mağaralar kompleksindən başlayaraq üzü 10 km cənuba doğru yaşı son tunc-erkən dəmir dövrü, e.ə II minilliyin sonu-I minilliyin əvvəllərinə aid 100-ə qədər kurqan, ümumilikdə 334 ədəd memarlıq, arxeoloji, dini, təbiət və xatirə abidəsi. Tariximizin yaşadıldığı məkan, əsrarəngiz gözəllikləri ilə seçilən, ulu babalarımızın sığınacaq yeri olan Keşikçidağ. Kortəbii şəkildə yaşayan əcdadlarımızın vəhşi heyvanlardan, təbiətin şıltaqlıqlarından qorunmaq üçün üz tutduğu ilk insan məskənlərindən biri. Özünəməxsus əzəmətli görünüşü ilə hamını özünə valeh edən, qədim yurdun daş kitabəsi hesab edilən abidə. Minilliklər boyu bu torpaqlar nəinki Aya, Günəşə tapınanları, atəşpərəstlərin, həmçinin xaçpərəstlərin və digər dini etiqadların pənah gətirdiyi ibadət məskəni olmuşdur.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisindəki qaranlıq mağaralarda zamanın gizli səhifələrində gizlənmiş tarixi həqiqətləri araşdırmaq, öyrənmək üçün bu abidələr kompleksini yalnız görmək, müşahidə etmək azdır, “onları hiss etmək, eşitmək, dinləmək lazımdır”. Əsrlər ötsə, zaman keçsə də tarixin bu dilsiz, ancaq möhtəşəm və əvəzolunmaz yadigarı öz gözəlliyini, qədimliyini , tarixiliyini itirmir. Tariximizi görmək istəyən hər kəsi qoruğumuzda gözləyirik.