İlham Əliyev adına zirvə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları  ölkənin bütün regionlarına, bütün sahələrinə xüsusi diqqətlə yanaşmaqdadır. Onun bir sıra tarixi abidələrin, tarixi ərazilərin qorunub saxlanması, mühafizəsi üçün atdığı addımlar, verdiyi sərəncamlar və fərmanlar diqqətə layiqdir. 2005-ci il noyabr ayının 12-də şimal-qərb regionlarında, Ağstafa rayonunun Gürsüstan Respublikası ilə sərhəd zolağında yerləşən sərhəd zastavalarının açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları  Keşikçidağ mağaralar kompleksinin təkraredilməz relyefə, çoxsaylı arxeoloji abidələrlə zəngin olduğunu görmüşdür. Ulu əcdadlarımızın sitayiş və sığınacaq yeri olan  bu tarix və mədəniyyət abidələrinin qorunub saxlanılmasını və mühafizəsini təmin etmək məqsədilə 19 dekabr 2007-ci il 2563 saylı sərancamı ilə Ağstafa rayonunun ərazisində yerləşən Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının “Keşikçidağ Dövlət  tarix-mədəniyyət qoruğu” elan edilməsi haqqında verdiyi sərəncam da təqdirəlayiqdir.  Diqqətə çatdırmaq lazımdır ki, verilən bu sərəncam təsadüfən atılan addım deyil. Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi ərazinin daha bir əhəmiyyəti ondan ibarətdir ki, buradan nəinki Azərbaycan Respublikasının, hətta Gürcüstan və Ermənistan Respublikalarının çox böyük ərazilərin görünməsinə imkan verən bir sıra yüksəkliklər var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları  bu bölgəyə səfər etməsi şərəfinə şimal-qərb bölgəsinin strateji cəhətdən ən hündür zirvəsi onun şərəfinə “İlham Əliyev adına zirvə” adlandırılmış və həmin zirvədə monumental abidə ucadılmışdır.
Keşikçidağ mağaralar kompleksi qoruq elan edildikdən sonra ərazidə tarixi abidələrin qeydiyyatını aparılarkən İlham Əliyev adına zirvə də qoruq daxilində monumental abidə kimi qeydiyyata alınmışdır. Qoruğa gələn turistlər və ekskursiyaçılar mağara məbədlərə, tarixi abidələri ziyarət edərkən İlham Əliyev  adına zirvənin önündə xatirə şəkili çəkdirirlər. Qoruğun əməkdaşları tərəfindən zirvə mütəmadi olaraq qorunur və abadlaşdırılır.
Keşikçidağ mağaralar kompleksi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən qoruq elan edildikdən sonra bu qədim yurdun daş kitabəsi ilə, ulu əcdadlarımızın bizə miras qoyduğu abidələrlə maraqlanan insanlar üçün tariximizə açılan yolun təməli qoyuldu.

Spread the love