18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Çin Xalq Respublikasının Sian Mədəni İrs Bürosu tərəfindən beynəlxalq tədbir təşkil olunmuşdur.

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Çin Xalq Respublikasının Sian Mədəni İrs Bürosu tərəfindən beynəlxalq tədbir təşkil olunmuşdur. Sian şəhərində fəaliyyət göstərən Sian Ujianq İncəsənət Muzeyi tərəfindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna tədbirdə onlayn iştirak etmək üçün dəvət göndərilmişdir. Sərgilər, simpoziumlar, interaktiv təcrübələr vasitəsilə “Mədəniyyət+Texnologiya” inteqrasiyası istiqamətində təşkil olunmuş yenilikçi yolların araşdırıldığı, muzeylərin ictimai xidmətlərinin səmərəliliyinin öyrənildiyi, mədəniyyətlərarası mübadilə və qarşılıqlı öyrənməni təşviq edən tədbirdə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən hazırlanmış videomüraciət nümayiş olunmuşdur. Videomüraciətin əsas məqsədi qoruq ərazisində aparılan elmi araşdırmaların təqdim olunması, burada yerləşən unikal tarixi abidələrin beynəlxalq elmi və mədəni əməkdaşlıq müstəvisində öyrənilməsi və dünyaya tanıdılması olmuşdur. Asiya Mədəni İrsin Mühafizəsi Alyansının, Çin Muzeylər Assosiasiyasının, Şensi əyalətinin Mədəni İrs İdarəsinin rəhbərlərinin, digər alim və ekspertlərin iştirakı ilə baş tutmuş Almaniya, Rusiya, Qazaxıstan, Sloveniya, Lixtenşteyn kimi öölkələrin muzey və institutlarından videomüraciətlər dinlənilmişdir. Tədbirdə qoruğun direktoru Musa Mursaquliyev videomüraciət vasitəsilə çıxış edərək qoruq abidələri haqqında, 2017-ci və 2019-cu illərdə Çin Xalq Respublikasında keçirilmiş Beynəlxalq Mural Forumlarında qoruğun iştirakı, həmçinin burada yerləşən mədəniyyət muzeyləri ilə gələcəkdə əməkdaşlıq imkanları qeyd olunmuşdur. Qoruq rəhbərliyi vurğulamışdır ki, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu öz mövqeyinə görə tarixi əhəmiyyətə malik Böyük İpək Yolunun üzərində yerləşdiyindən bu ərazilər qədim Çin torpaqlarından başlayaraq Hindistan, İran, Anadolu və Avropaya uzanan əsas ticarət yolları üzərində olmuş, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu strateji məkan rolunu oynamışdır. Gələcəkdə Sian şəhərində yerləşən mədəniyyət müəssisələri ilə elmi tədqiqatlar və mədəni əməkdaşlıq çərçivəsində yeni təşəbbüslərin həyata keçirilməsi və mövcud əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulur.

Spread the love