10.03.2025-ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafi və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tərəfindən təsdiqlənmiş 2025-ci ilin birinci yarımili üzrə iş planının icrasına əsasən “Keşikçidağda Novruz adət-ənənələri yaşadılır” adlı tədbir keçirilmişdir.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna məxsus informasiya mərkəzinin önündə keçirilən tədbirdə əsas məqsəd Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan biri olan Novruzun dəyərlərinin yaşadılması, gənc nəsilə aşılanması, o cümlədən Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən tarixi abidələrin tanıdılmasıdır. Tədbir Ağstafa rayon İcra Hakimiyyətinin başçısı və məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin gənc idmançılarının, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin rəhbərliyi və əməkdaşları, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağstafa Nümayəndəliyinin əməkdaşları, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivinin, gənc könüllülərin, el ağsaqqalları və rayon ziyalılarının iştirakı ilə baş tutmuşdur. Tədbir “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna məxsus informasiya mərkəzində qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, ud sədaları altında, Kosa, Keçəl, Bahar qızının və milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atları ilə məclisə gəlişi ilə başlamışdır. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qonaqları salamlayaraq tədbiri açıq elan etmiş və bayram təbriki ünvanlamışdır. “Kitab-i Dədə Qorqud” dastanının əsas prototipi hesab edilən el ağsaqqalı Dədə Qorqudun dilindən ibrətamiz sözlər söylənilmişdir. Həmçinin tədbir zamanı qonaqlar Novruz atributları ilə bəzədilmiş bayram dekorasiyaları və xalçalarla, saxsı nümunələri ilə bəzədilmiş alaçıqlarla tanış olmuşdur. Tütək sədaları və sayaçı sözləri altında qoyunların ağıla gətirilməsi, milli geyimdə çiyinlərində səhənglə bulaqdan su gətirən qızların rəqsi, xalq oyunlarından olan “Kosa-keçəl”, “Dirədöymə”nin nümayişi, gənc qızların “Haxışta”, “Bayatı” söyləməsi, ”Səməni”, “Uzundərə”, “Tərəkəmə” rəqslərinin ifası tədbirə xüsusi maraq qatmışdır. Atların iştirakıyla yarış keçirilmiş, yarışın qalibinə mədəni irs nümunələrimizdən olan kəlağayı bağışlanmışdır. Tədbirdə milli mətbəximizin ləziz təamlarından olan göy kətəsi və fəsəli sacda bişirilərək qonaqlara təqdim edilmişdir. Tədbir Novruz tonqalının alovlandırılması, ətrafında “Yallı” rəqsinin nümayişi ilə yekunlaşmışdır.











