“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu

HAQQINDA

Ağstafa rayonu Azərbaycanın tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə ən zəngin bölgələrdən biridir. Bunu Ağstafa rayonu ərazisində saysız-hesabsız yeraltı və yerüstü maddi-mədəniyyət nümunələri, qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, məscid, pir, ziyarətgah və ocaqlar da təsdiq edir. Çoxsaylı maddi mədəniyyət nümunələrinin bir hissəsi tarix boyu arasıkəsilməz hərbi yürüşlər, müharibələr nəticəsində məhv edilsə də, özününküləşdirilməyə çalışılsa da, daşlara yazılmış yaddaşı pozmaq və dəyişmək yadellilərə heç də həmişə nəsib olmamışdır.


Dünyada bir maddi-mədəniyyət abidəsini yaratmaq nə qədər çətindirsə, bu abidənin özününki olduğunu sübut etmək o abidəni zaman-zaman öz millətinin adına qorumaq ondan çox-çox çətindir. Ağstafa rayonunun hər bölgəsində qədim insanların yaşayışını, mədəniyyətini təsdiq edən abidələr, yaşayış məskənləri, sığınacaqlar var. Ancaq rayon ərazisində yenə də tarixçilərin, tədqiqatçıların araşdırmalarına ehtiyac duyulan, sirlərlə dolu olan,  tarixi hələ də özündə saxlayan ulu əcdadlarımızın sığınacaq  yerləri və uzun əsrlər boyu  davamlı yaşayış məskənlərimiz var.Bu qədim yaşayış məskənlərində tariximizin qədim izləri, həmin ərazidə yaşayan, sığınacaq tapan insanların yaşayış tərzi, inancları, maddi-mədəni abidələrdə öz əksini tapmışdır.Belə sirli, dərin araşdırmaya ehtiyac duyulan yaşayış məskənlərindən biri də rayonun ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksidi
Özünəməxsus əzəmətli görünüşü ilə insanları valeh edən, qədim yurdun daş kitabəsi hesab edilən  “Keşikçidağ” mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük-Kəsik kəndindən 28 km şimal istiqamətində yerləşir. “Keşikçidağ” mağara-məbədlər kompleksi sərhəd zolağı boyunca 25 km-dək uzanır. “Keşikçidağ” mağara-məbədlər kompleksi ucsuz-bucaqsız Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candar gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq dəniz səviyyəsindən 750-950 m hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir.  Qoruğun ərazisində 100-ə qədər ilkin və orta əsrlər dövründə yaradılmış süni və təbii mağaralar, ulu əcdadlarımızdan bizə miras qalmış qədim yaşayış yerləri, 100-ə yaxın son tunc  və ilkin dəmir dövrünə aid kurqanlar, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli bir qala, üzü cənub istiqamətinə baxan, bir birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, “Keşikçidağ” mağaralar kompleksində yerləşən,yerli əhali tərəfindən “Qüdrət” bulağı kimi tanınan ziyarətgah yerli sakinlərin qədim tarixə malik olan mənşəyini, mədəniyyətini, dini-etnik xüsusiyyətlərini özündə əks etdirir.

“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır. Lakin Sovetlər dönəmində həmin abidələri tədqiq etmək mümkün olmamışdır.
Freskaların çəkildiyi mağara divarlarının dağıntıları nə təbiətin, nə də zamanın müdaxiləsi nəticəsində baş verib. Sovetlər dönəmində, daha dəqiq desək 1948-ci ildən başlayaraq 90-cı ilədək mağaraların çapıldığı qayaların yaxınlığında hərbi poliqon yerləşib. Uzun illər burada artilleriya təlimləri keçirilib. Zaman-zaman buralar baxımsız, yiyəsiz qalıb. Hərbi obyektdə nəinki elmi araşdırmalar aparmaq, adi gəzintiyə çıxmaq da yasaq idi.
Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra hər şey dəyişdi. Prezident İlham Əliyev 2005-ci il oktyabr ayının 12-də Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkmişdi. Dövlət başçısının 19 dekabr 2007-ci ildə 2563 saylı sərəncamı ilə mağaralar kompleksindəki zəngin tarixi-etnoqrafik, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edildi. Həmin vaxtdan qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərin biri ölkə prezidentinin şərəfinə “İlham Əliyev zirvəsi” adlandırılmışdır.
Keşikçidağ qoruq elan edildikdən sonra bu qədim yurdun daş kitabəsi ilə, əcdadlarımızın bizə miras qoyduğu abidələrlə maraqlanan insanlar üçün tariximizə açılan yolun təməli qoyuldu.
“Keşikçidağ” mağara-məbədlər kompleksi qoruq kimi fəaliyyətə başladığı ilk gündən qoruq rəhbərliyi tərəfindən elmi araşdırmaların aparılması üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət İnstitutlarına müraciət edilmişdir. Bunun nəticəsi olaraq Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, s.ü.f.d., dosent  İmaş Hacıyevin təşkilatçılığı ilə  bir neçə mütəxəssis  elmi araşdırmalar məqsədilə dəfələrlə qoruq ərazisinə gəlmişdirlər. Onlardan m.ü.f.d. Rizvan Qarabağlı, p.ü.f.d. Sabir Əlihüseyinli, k.ü.f.d. Vüqar  Kərimlinin adlarını qeyd etmək olar. Bunlarla yanaşı, m.ü.f.d. Rizvan Bayramov,  Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini t.ü.f.d. Nəcəf Müseyibli, t.e.d., prof. Arif Məmmədov, t.ü.f.d. Yunis Nəsibli, t.ü.f.d. Mənsur Mənsurov, t.ü.f.d. Anar Ağalarzadə, t.ü.f.d. Dmitri Kriçenko qoruq ərazisində olmuşdurlar. Nəcəf Müseyibli, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə  elmi araşdırmalar məqsədilə bir neçə dəfə qoruq ərazisində olmuşdurlar. Həmin araşdırmaların nəticələri bir çox jurnallarda, internet portallarında və dövrü mətbuatda  çap olunmuşdur. Qoruğun fəaliyyət göstərdiyi illərdə  hər il müxtəlif bukletlər, təqvimlər  hazırlanmış, buraya təşkil edilmiş ekskursiyalara gələn turistlərə qoruq abidələrinin tanıdılıb, təbliğ edilməsi məqsədilə paylanmışdır. Qoruğun təbliğat işləri bununla yekunlaşmamış, 3 dildə sayt yaradılmış, “Yaddaş” studiyasının təşkilatçılığı ilə “Qədim yurdun daş kitabəsi” adlı bədii sənədli film hazırlanmışdır.
Qoruq ərazisinin daim abadlaşdırılması, təbii landşaftın  qorunub saxlanılması qoruq əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılmaqdadır.
Ölkəmizin hər qarış torpağı, hər bir abidəsi bizim üçün qiymətlidir, dəyərlidir və əvəzedilməzdir. Babalarımızın bizə miras qoyduğu bu abidələrin, həmçinin Alban abidələrinin tərkib hissəsi olan “Keşikçidağ” qoruğunun da qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi ümdə vəzifəmiz, vətəndaşlıq borcumuzdur.

Spread the love