04 iyul 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Keşikçidağ və Avey Dövlət Tarix-mədəniyyət qoruqları ilə birgə elmi-praktiki seminar təşkil olunmuşdur.

04 iyul 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Keşikçidağ və Avey Dövlət Tarix-mədəniyyət qoruqları ilə birgə elmi-praktiki seminar təşkil olunmuşdur. Tədbirdə filialın tələbələrinin həm təhsil müddəti ərzindəki nailiyyətləri qeyd edilmiş, həm də onların “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində həyata keçirilmiş arxeoloji qazıntılarda və “Yay məktəbi 5” layihəsində fəal iştirakı xüsusi vurğulanmışdır.
“Azərbaycanda qədim daş dövrünün öyrənilməsi problemləri-əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr” mövzusuna həsr olunmuş elmi seminarda Universitetin müəllim və tələbə heyəti, tədqiqatçı alimlər, qoruq əməkdaşları iştirak etmişdir. Seminarı ilk öncə çıxış sözü ilə BDU Qazax filialının direktoru, f.ü.f.d Arif Rüstəmov açaraq seminarın əhəmiyyətindən, gələcəkdə AMEA Arxeologiya və Antropologiya və digər institutlar ilə əməkdaşlığın genişləndirilməsindən, həmçinin tələbələrin bölgəmizdə yerləşən tarix-mədəniyyət qoruqlarının ərazisində yerləşən abidələrə ekskursiyaların vacibliyini vurğulamışdır. Daha sonra filialının direktor müavini, r.ü.f.d Məmməd Yusifov tədbirin əsas məqsədi haqqında geniş məlumat verərək tələbələrin son illərdə qoruqların ərazisində aparılan arxeoloji qazıntılarda və “Yay məktəbi 5” layihəsində- çöl tədqiqatlarında daha yaxından iştirakının vacibliyini vurğulamışdır.
Seminarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev bölgəmizdə və Çeyrançöldə yerləşən yeni aşkar edilmiş abidələrin tədqiq edilərək tələbələrin həmin abidələrə ekskursiyaların təşkil edilməsindən, “Avey”Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva “Damcılı mağarasında aparılmış beynəlxalq tədqiqatlar”, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov Qarabağ və qərb bölgəsində daş dövrü üzrə aparılmış elmi tədqiqatların nəticələri” mövzusunda məruzələrlə çıxış etmişlər.
Eyni zamanda, seminar çərçivəsində qədim daş dövrünün öyrənilməsində qarşıda duran elmi və metodoloji vəzifələr, eləcə də arxeoloji müəssisələr və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi zərurəti də diqqətə çatdırılaraq əsasən tarix və turizm ixtisasları üzrə təhsil alan tələbələrin qoruqlarda aparılan elmi tədqiqatlara, xüsusilə mağaralara və digər abidələrə ekskursiyalar, arxeoloji qazıntı proseslərində iştirak və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunmuşlar.

Spread the love