“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda aparılmış elmi tədqiqatların 10 illiyinə həsr olunmuş elmi-praktik konfrans”

16 dekabr 2021-ci il tarixində Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi, qoruq ərazisində elmi tədqiqat və arxeoloji qazıntı işləri aparmış alimlərin iştirakı ilə elmi-praktiki konfrans öz işinə başladı. İlk öncə konfrans iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə yerləşən Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq Əjdər Babazadə tərəfindən «Prehistorik – daş alət hazırlama texnologiyası və illustrasiyası” adlı Master-klass keçirilmişdir. Obsidian (dəvəgözü) və çaxmaqdaşından ibarət (xammal olan) əmək alətlərin nümunələrinin hazırlaması eksperimental arxeoloji çalışma həyata keçirilib. Bununla yanaşı mərkəzdə təşkil olunan sərgidə qoruq ərazisində aparılmış elmi-arxeoloji qazıtılardan əldə olunmuş Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün xarakterik olan “o dünya üçün azuqə” kimi skeletin kəllə nahiyəsi tərəfində qara cilalı, üzəri naxışlı bir neçə küpə, kiçik buynuzlu ev heyvanlarının bişmiş tikələrinin sümük qalıqları, tuncdan qılınc, dəvəgözü daşından (obsidian) və çaxmaq daşından ox ucluqları, ülgüclər, geyimin tuncdan aksessuarları nümayiş etdirilmişdir. Konfrans zamanı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli konfransa onlayn qoşularaq konfransı açıq elan etmiş, bölgələrdə Respublika səviyyəli konfransların keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Konfrans zamanı qoruq ərazisində elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparmış AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, Memarlıq və İncəsənət İnstitunun, Bakı Dövlət Universitetinin əməkdaşları olmaqla ümumilikdə 15-ə qədər alim öz məruzələri ilə çıxış etmişlər. Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Valeh Nəsibli, sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü, Özbəkistan Respublikasının Turon Elmlər Akademiyasının həqiqi üzvü İmaş Hacıyev, Tarixçi-etnoqraf İsmayıl Umudlu, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı, Bakı Dövlət

Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Yunis Nəsibli, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov, tarix üzrə fəlsəfə doktoru, tarixçi-etnoqraf Bəhmən Faziloğlu, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Anar Ağalarzadə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq Əjdər Babazadə, tarixçi, fiziki antropoloq Vüsal Həsənov qeyd olunmuş ardıcıllıqla elmi məqalələri ilə çıxış etdilər. Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fərhad Quliyev onlayn şəkildə konfransa qoşularaq məruzə etdi. Elmi məruzələr yekunlaşdıqdan sonra konfrans iştirakçıları alimlərə suallarını ünvanladı, iştirakçılarla alimlər arasında maraqlı fikir mübadiləsi edildi. Alimlərin məruzələri dinlənilən zaman ekranda slaydlar təqdim olunmuşdur. Konfransın dinləyiciləri Ağstafa rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən orta məktəblərin tarix müəllimləri, Qazax, Ağstafa və Tovuz rayonlarınım Tarix-Diyarşünaslıq muzeylərinin əməkdaşları, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları, Avey Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları və Ağstafa rayon abidə mühafizəçiləri idarəsinin əməkdaşları olmuşdur.

Qeyd edək ki, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu yaradıldığı gündən qoruğun ən əsas vəzifələrindən biri burada elmi tədqiqatların, arxeoloji qazıntı işlərinin aparılması olmuşdur. 2009-cu ildən başlayaraq qoruq ərazisində alimlər tərəfindən mütəmadi olaraq tədqiqatlar aparılmış və bu tədqiqatlar nəticəsində məlum olmuşdur ki, burada daş dövründən başlayaraq orta əsrlərə qədər çoxlu sayda tarixi, memarlıq, arxeoloji, dini abidələr mövcuddur. Məhz bu elmi tədqiqat və arxeoloji qazıntı işlərinin nəticəsi olaraq yazılan məqalələrlə qoruq 50-dən çox yerli və beynəlxalq konfranslarda iştirak etmişdir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda aparılmış elmi tədqiqatların 10 illiyinə həsr olunmuş elmi-praktik konfrans”ın keçirilməsində əsas məqsəd “Keşikçdağ” Dövlət tarix-mədəniyyət qoruğunda aparılmış elmi tədqiqatlarları yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq, Keşikçidağ adını bütün dünyaya tanıtmaqdır.

17 dekabr tarixində isə alimlərin iştirakı ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialına tur təşkil edilmişdir. Hazırda həmin ərazidə arxeoloji qazıntı işləri aparan tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov iştirakçılara qazıntılar haqqında ətraflı məlumat vermiş və suallarını cavablandırmışdır. 17 dekabr tarixində elmi-praktiki konfrans öz işini yekunlaşdırmışdır.

Spread the love