Qoruq ərazisindəki su quyuları.

31 oktyabr Qafqaz Albaniyasının yerli əhalisi hücumlardan qorunub dini baxışlarını hifz etmək üçün bu dağlara sığınmışlar. Daha sonra yerli əhali sıldırım qayalarda çapıb düzəltdikləri mağara-sığınacaqlarda yaşamışlar. Bu mağaraların içərisində tək və bir neçə yaşayış otaqlarından ibarət sığınacaqlar, ibadət zalı, məişət-təsərrüfat təyinatlı otaqlar, su anbarı, ovdanlar qayaların bir neçə yarusda çapılması nəticəsində düzəldilmişdir. Sərt iqlim şəraiti, hökm sürən quraqlıq səbəbindən yağış suyundan qənaətcil istifadə zərurətini hiss edən insanlar qayalarda su quyuları üçün oyuqalar çapmışlar. Yağış suyunu ötürücü novlar vasitəsi ilə öncə dolduruculara yığan insanlar daha sonra onu sərin saxlaya bilən dərin quyulara yığırlarmış. Quyunun ətrafa sərinlik verdiyi nəzərə alınaraq onun yuxarı hissəsində qida məhsullarını uzun müddət saxlamaq üçün soyuducu kimi istifadə olunan ərzaq anbarı yeri düzəldilib. Ərazidə yaşayan sakinlərin həqiqətən suya möhtac olmaları antik dövr tarixçiləri tərəfindən də təsdiqlənir. Plutarx yazır ki, e.ə. 65-ci ildə Roma sərkərdəsi Pompey Qafqaz Albaniyasında albanların üsyan qaldırmaları xəbərindən bərk qəzəblənir və qiyamı yatırmaq üçün qoşunlarını buraya göndərir. Kür çayını adlayıb ucsuz-bucaqsız susuz çöl üzərindən keçərək uzun məsafəni qət etməyə-Kambisenanı ram etməyə hazırlaşır və bu məqsədlə 10 min su tuluğu tədarük etmək əmrini verir. Bununla da onların suya olan ehtiyacı ödənilirdi.