UOT 069.4:069.6

Azərbaycanın qədim və zəngin tarixə malik olan bölgələrindən biri də Ağstafa rayonudur. Bu rayonda ümumilikdə müxtəlif tarixi dövrlər üzrə 40-a yaxın abidə qeydə alın..."/> UOT 069.4:069.6

Azərbaycanın qədim və zəngin tarixə malik olan bölgələrindən biri də Ağstafa rayonudur. Bu rayonda ümumilikdə müxtəlif tarixi dövrlər üzrə 40-a yaxın abidə qeydə alın..."/> UOT 069.4:069.6

Azərbaycanın qədim və zəngin tarixə malik olan bölgələrindən biri də Ağstafa rayonudur. Bu rayonda ümumilikdə müxtəlif tarixi dövrlər üzrə 40-a yaxın abidə qeydə alın..."/>

«Кешикчидаг» – комплекс пещерных хра

UOT 069.4:069.6

Azərbaycanın qədim və zəngin tarixə malik olan bölgələrindən biri də Ağstafa rayonudur. Bu rayonda ümumilikdə müxtəlif tarixi dövrlər üzrə 40-a yaxın abidə qeydə alınmışdır. Gürcüstanla sərhəddə Qatardağ silsiləsi Ceyrançöl adlanan ərazidə qumsal dağların qayalıqları üzərində, gediş-gəliş üçün o qədər də asan olmayan bir yerdə yerləşən “Keşikçiqala” və onun ətrafında freskalarla zəngin mağara – məbədlər kompleksi məhz bu rayonun ərazisindədir.

Bir müddət bu ərazi qonşu dövlətlə süni mübahisə mövzusuna çevrilərək, əsassız söz-söhbətlər doğurmuşdur. Həmin yerdəki zəngin tarixi -etnoqrafik, maddi mədəniyyət abidələrinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci ilin oktyabr ayının 12-də göstərilən əraziyə səfər etmiş, abidələrlə yerindəcə əyani şəkildə tanış olmuşdur. Cənab Prezident buradakı maddi mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliğ edilməsi məqsədilə 19 dekabr, 2007-ci ildən etibarən 2563 saylı sərəncamı ilə sözügedən ərazini “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan etmişdir. Həmin vaxtdan qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərdən biri ölkə Prezidentinin şərəfinə “İlham Əliyev adına zirvə” adlandırılmışdır. Zirvədə möhtərəm Prezidentin adı və məlum fərmanı ilə bağlı olan məlumat lövhəsi iri daşlardan düzəldilmiş postament üzərində yerləşdirilmişdir.
Qoruğun ərazisi bir qala, iki məbəd, bir inanc yeri (Qüdrət bulağı) olmaqla, 70-dən çox mağara-məbəd kompleksindən ibarətdir.
Ərazidəki maddi-mədəniyyət obyektlərinin tarixi haqqında fikirlər mübahisəlidir. Lakin bununla belə, mütəxəssislər arxeoloji, eləcə də tikinti-inşaat materiallarına əsasən ərazinin tarixi dövrünü əsaslandırmağa çalışırlar. Bəzi mülahizələrə görə həmin ərazi aya, günəşə, müxtəlif bitki və heyvanlara etiqad göstərən insanlarla yanaşı, oda sitayiş edən atəşpərəstlərin əsas dini etiqad mərkəzlərindən olmuşdur.
Mənbələrdəki məlumata görə, Albaniyada xristian dünyasında, o cümlədən Qafqazda ən qədim kilsələrdən biri olan avtokefal apostol kilsəsi var idi. Burada ilk xristian icmaları IV əsrə qədər, yəni xristianlığın dövlət dininə çevrilməsindən daha əvvəl yaranmışdır. Eramızın ilk əsrlərində Yerusəlimdən, Suriyadan gəlmiş xristian missionerləri – apostollar (həvarilər) ilk xristian icmalarını yaratmışdılar. Alban tarixçisi M.Kalankatuklunun məlumatına əsasən, Gis (indiki Kiş) kəndi və oradakı  məbəd Şərqin bütün kilsələri və şəhərlərinin başlanğıcıdır [2, s. 181].
Mənbələrdə göstərildiyi kimi, IV əsrin əvvəlində çar Urnayrın dövründə xristianlıq Qafqaz Albaniyasında dövlət dini elan edildi. Xristianlıqla yanaşı qədim yerli etiqadlar da qalmaqda idi. Alban əlifbasının yaradılması, kilsə məktəblərinin açılması, Suriya və yunan dillərindən Bibliya və başqa dini ədəbiyyatların alban dilinə tərcümə edilməsi, xristianlığın yayılması və möhkəmlənməsində mühüm rol oynamışdı. IV-V əsrlərdə Alban kilsəsi Roma kilsəsinə tabe idi və kilsə başçıları – yepiskoplar Romada təsdiq olunurdu. Bu vəziyyət 451-ci ildə Xalkedonda çağırılmış IV Ümumdünya  kilsə yığıncağında – xristian aləmində Qərb və Şərq kilsələri arasında (monofizitlər və diofizitlər)  doqmatik mübarizə başlayana qədər davam etmişdir. 506-cı ildə Dvin məclisində Alban kilsəsi digər Şərq kilsələri kimi monofizitliyi qəbul etdi. 551-ci ildə Dvin məclisində isə Bizans kilsəsindən ayrılıb avtokefal (müstəqil) oldu [1, s. 214]. Alban kilsəsinin müstəqilliyi iki səbəblə şərtlənirdi: kilsənin apostol əsaslı olması və Albaniyanın siyasi statusu – onun Şərqi Roma imperiyasından tam müstəqilliyi. V-VIII əsrlərdə Albaniyada 12 yepiskopluq var idi [2, s. 181].
İslam dininin Azərbaycanda yayılması ilə əlaqədar təbii ki, xristianlıq tədricən zəifləyirdi. Tədqiqatçıların qənaətinə görə, məhz islamın yayıldığı dövrlərdə  mağara-məbədlər albanların özlərini və dinlərini mühafizə etmək üçün onların sığınacağına çevrilmişdir. Müxtəlif dövrlərdə burada kütləvi yaşayışın olması da istisna deyildir.
XVIII -XIX əsrlərdə Azərbaycanda xristianlığın zəifləməsi ilə əlaqədar məbədlər xarabalığa çevrilməyə başlamışdır. 1836-cı ildə Eçmiədzin erməni katolikosluğunun təkidi ilə Peterburq Müqəddəs Sinodu tərəfindən alban katolikosluğunu ləğv edərək erməni katolikosluğunun tabeliyinə verildi. Beləliklə, Qafqaz Albaniyasında mövcud olan alban katolikosluğunun müstəqil fəaliyyətinə son qoyuldu. Həmin dövrdən etibarən gürcülər mağara -məbədlərdə böyük səylə təbliğat və bədii tərtibat işlərinə başlamışlar.
“Keşikçi” mənasını daşıyan və yerli əhali tərəfindən sıldırım dik qayada tikilmiş Keşikçi qalası öz memarlıq quruluşunun xüsusiyyətlərinə görə Azərbaycan ərazisindəki digər qalalarla çox oxşardır.
Strateji baxımdan ən hündür yerdə (dəniz səviyyəsindən 840 m hündürlükdə) sal qaya üzərində müdafiə məqsədilə tikilmiş bu qalanın inşa edilməsi, tədqiqatçıların gəldiyi qənaətə görə, təxmini olaraq erkən orta əsrlər dövrünə aid edilir. Üç mərtəbədən ibarət olan qala 11metr hündürlüyündədir, onun ümumi planı 5×5,25 m-dir və qeyd edildiyi kimi sırf müdafiə məqsədi daşımışdır. Bunu onun ikinci və üçüncü mərtəbəsində dörd tərəfə baxan müşahidə pəncərə-gözlüklərinin (mazğalların) olması bir daha əyani olaraq təsdiq edir. Qalanın bütün hündürlüyü boyunca onun möhkəmliyi üçün çöl tərəfdən divara birləşdirilmiş əlavə sütun mövcuddur. Onun eni 130 sm,  divara doğru qalınlığı 50 sm-dir.
Bu qalada da Azərbaycan memarlıq abidələri üçün səciyyəvi olan tağ forması mövcuddur. Kərpicdən və daşdan olan tağlar memarlıqda praktik əhəmiyyət daşıyaraq möhkəmliyi təmin edirdi. Qalanın tikintisində yerli təbii daşdan, qırmızı kərpicdən istifadə edilmişdir və onun divarının qalınlığı bir metrə çatır. Ərazidə sırf dini etiqad üçün nəzərdə tutulmuş daha iki məbəd qalaya nisbətən sonrakı dövrlərdə tikilmişdir. Həmin tikililərin Azərbaycan ərazisində olan digər Alban dövrünə məxsus abidələrin memarlıq quruluşu ilə yaxın oxşarlığı vardır [4; 6]. Onlardan biri dağa birləşdirilmiş, digəri isə (mehrab absidası olan) dağın üstündə nisbətən hamar yerdə tikilmişdir. Həmin məbədlər müraciət edilən mənbədəki fotoşəkillərə əsasən 1948-ci ilə kimi yararsız vəziyyətdə olmuşlar [10].
Qoruğun ərazisində mövcud olan mağara-məbədlərin  interyeri freskalarla kifayət qədər zəngindir. Vaxtilə alban rahiblərinin sitayiş yeri olan bu mağara-məbədlər kompleksindəki freskalar  “İncil”dən  götürülmüş müxtəlif mövzular əsasında xristian dininin təbliği məqsədilə gürcü dindarlarının burada yerləşməsindən sonra yaradılmışdır. Beləliklə, sözügedən obyektdə tarix boyu formalaşmış dini ənənələr davam etdirilmişdir. Lakin burada mövcud olmuş yaşayış – məişət amili, məişət mədəniyyəti birinci olaraq qalır.
Freskaların tədqiqi ilə bağlı ilk öncə onu qeyd etmək lazımdır ki, mağaraların  interyerində kompozisiyaların yerləşdirilməsi miqyasla tam uyğunsuzluq təşkil edir. Belə ki, həmin kompozisiyalar bitkin süjet xətti əsasında deyil, göstərdiyimiz kimi, interyerin miqyası nəzərə alınmadan pərakəndə şəkildə işlənilmiş müxtəlif dini səhnə və obrazlardan ibarətdir. Bu fakt bir daha təsdiq edir ki, mağaralar çox əvvəllər özgə funksiyanı yerinə yetirmək üçün yaradılmış, mövcud olmuşdur. Və hətta mağaraların divar səthində bəzi kiçik hissələrdə sadəcə boşluğu doldurmaq üçün müxtəlif ölçüdə və formada xaç təsvirlərinə rast gəlinir. Bu xaçlardan biri (digər xaçlarla müqayisədə daha böyük ölçüdə təsvir edilmiş) rus pravoslav kilsə xaçı ilə eynilik təşkil edir. Bu da ehtimal yaradır ki, freskaları işləyən rəssam rus mənşəli olmuşdur. Kompozisiyalarda müəyyən vizual effektlərin olması diqqət çəksə də, ümumilikdə götürdükdə onlar qeyri-peşəkar səviyyədə, özü də tələsik işlənilmişdir. Belə ki, kompozisiyalarda əşyaların həcm-fəza quruluşunda, mühitin həcm-məkan dərinliyinin verilməsində perspektiv qanunlara bacarıqsızlıqdan riayət edilməmişdir.
Göstərilən obyektdəki freskaların tarixini söyləmək üçün ümumiyyətlə, dünya freska yaradıcılığının tarixini qısa da olsa, nəzərdən keçirmək lazım gəlir.
Məlum olduğu kimi, freskalarda akvareldən geniş istifadə olunur. Ağ boyaq qarışdırılmış qeyri-şəffaf akvarel hələ Qədim Misirdə və antik dövr incəsənətində, həmçinin orta əsrlərdə Avropa və Asiyada məlum idi. Təmiz ağ boyaq qarışdırılmamış akvarel XV əsrdən tətbiq olunmağa başlanmışdır. XV-XVII əsrlərdən etibarən akvareldən qravüra, çertyoj, tablo və freska eskizlərinin rənglənməsində istifadə edilirdi [1, s.199].
Tədqiq edilən freskalarda təbii ki, ikinci olan – yəni təmiz akvareldən istifadə edilmişdir. Sonradan onların üzərinə xüsusi şirə (lak) çəkilmişdir. Freskalarda diqqət çəkən kompozisiyalardan biri məşhur “Sirli axşam”, yaxud “Məxfi axşam” mövzusundadır. Xristianlıqda məşhur olan və dərin fəlsəfi mənanı ehtiva edən bu mövzunun özü də mağaraların birində divar səthində sönük, səliqəsiz və demək olar ki, tamamlanmamış şəkildə yerinə yetirilmişdir.
Müxtəlif dövrlərdə xristianlığın təbliği ilə bağlı olan bu mövzuya aid 10-larla rəsm əsəri işlənilmişdir [8, s. 84-99]. Təbii ki, bunlardan ən möhtəşəmi Leonardo da Vinçinin yaradıcılığına məxsus olan “Məxfi axşam” tablosudur [8; 9].
Milan yaxınlığında Santa-Mariya delle Qratsiye monastırında 1495-1498-ci illərdə  işlənmiş bu əsər Leonardonun bu günümüzə qədər saxlanılmış ən böyük ölçülü (460×880) yeganə freskasıdır. Tədqiqatçıların son araşdırmalarında bu əsərdə hətta müəyyən musiqi kodlarının olması göstərilir. Ümumiyyətlə, demək olar ki, heyrətamiz zəka sahibi olan Leonardonun yaradıcılığına məxsus nümunələrdə açılmamış məqamlar hələ də qalmaqdadır.
Mağara-məbədlərdə sözügedən mövzuya aid kompozisiyada obrazların, yəni İsa Məsihin tələbələrinin sayı ənənəvi olaraq 12 deyil, daha azlıq təşkil edir. Çünki mağaranın divar səthinin həcmi kiçik olduğundan, çoxfiqurlu kompozisiyada obrazların lazımi sayda yerinə yetirilməsi mümkün olmamışdır. Kompozisiyada bir sırada verilmiş obrazların arxasında, bir qədər yuxarıda sonradan digər fiqurun təsvir edilməsinə cəhd göstərilsə də, lakin onun yalnız kontur xətləri  verilmişdir. Həmin fiqurun kontur xətlərinin ümumi kompozisiyada artıq, yəni yamaq kimi olduğunu hiss edən rəssam bu obrazı tamamlamamışdır. Çünki həmin fiqur kompozisiyanın ümumi quruluşunu pozur.
Bu materialın müəllifi 2008, 2009, 2010, 2012-ci illərin müxtəlif vaxtlarında göstərilən obyektlərdə ciddi tədqiqat işləri aparmışdır (birinci dəfə yəni 2008-ci ilin yayında tədqiqat zamanı orada mənim həyatımı “N” saylı hərbi hissənin əsgəri yüksəkliyə “rekord” göstərici ilə qalxaraq gətirdiyi kəndirlə xilas etmişdir – İ.H.). Həmin tədqiqat işlərinin nəticəsinə əsasən, deyə bilərik ki, mağara-məbəd komplekslərindəki freskaların işlənilmə tarixi (rənglərin keyfiyyət göstəricilərinə, suvaq materialına,  eləcə də kompozisiyaların texniki və bədii üslub xüsusiyyətlərinə görə) XIX əsrin birinci yarısına aid edilə bilər [3; 5; 7]. Gürcü mənbələrində indiki Gürcüstan ərazisində olan monastır kompleksindəki freskaların yaranma tarixinin daha əvvəlki dövrlərə aid olduğu qeyd edilir [10].
Bununla belə, freskalar işlənildiyi dövrün realist təsvir metodunun ifadəsi olaraq, divar boyakarlığının əyani nümunəsi baxımından maraqlı və qiymətlidir. Həmin freskalardakı yazı nümunələri gürcü əlifbasına əsaslanır və burada gürcülərin xristianlığın təbliği ilə bağlı müəyyən işlər aparmasını inkar etmək olmazdı. Ona görə də, göstərilən yaradıcılıq nümunələrinin mütəmadi olaraq araşdırılması, ümumilikdə həmin obyektlərdəki xristian incəsənətinin öyrənilməsi baxımından əhəmiyyətli olardı. Bu mənada sözügedən ərazidəki mağara-məbədlər kompleksində sənətşünaslar və mədəniyyətşünaslar tərəfindən beynəlxalq səviyyədə tədqiqatların, eləcə də digər mütəxəssislər tərəfindən restavrasiya işlərinin davamlı olaraq aparılmasına ehtiyac vardır.
Bütün bunlarla yanaşı, həmin ərazidə müxtəlif tarixi dövr və sahələr üzrə çoxsaylı mütəxəssislər qrupundan ibarət olan ekspedisiyanın qarşılıqlı əməkdaşlıq şəraitində işləməsi daha məqsədəuyğun olardı. Çünki, Gürcüstan tərəfindən David Qareci monastır kompleksində tədqiqat işləri hələ 1921-ci ilin payızında aparılmışdır. Gürcüstan tərəfindən Bertubani adlandırılan ərazidəki abidələrin,  mağara-məbədlər kompleksinin adı çəkilir. Lakin həmin obyekt haqqında, o cümlədən Keşikçiqala ilə bağlı olan bəzi fikirlər, tarixi məlumatlar Azərbaycan mənbələrindəki  məlumatlarla üst-üstə düşmür.
Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfindən bu ərazinin tarixi müxtəlif dövrlər üzrə yetərincə araşdırılmamışdır və ona görə də müxtəlif dövrlərin mədəni inkişaf mərhələlərindən danışarkən bəzən zəncirvarı həlqələri ardıcıl tutmaq olmur. Məlumdur ki, həmin ərazidə sovet dövründə qapalı hərbi təlim bazası fəaliyyət göstərmişdir və bu da uzun müddət sözügedən ərazinin öyrənilməsinə maneçilik yaratmışdır.
Tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılmış, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olmuşdur. Həmin abidələrdən biri olan, “Keşikçidağ” qoruğundakı maddi-mədəniyyət abidələri təbii, fiziki təsirlərə məruz qalmasına baxmayaraq, öz tarixi simalarını indiyədək qoruyub saxlaya bilmişlər. Və düşünürük ki, bu cür abidələr müasir şəraitdə sivil dünyamızda beynəlxalq turizm sahəsinin diqqətini cəlb edəcək, oraya kütləvi turist ekskursiyalarının təşkil edilməsinə zəmin yaradacaqdır.
Nəhayət qeyd etmək istərdik ki, həm Gürcüstan, həm də Azərbaycan tərəfindən müxtəlif səpkili yazı materiallarının müəllifləri “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı maddi mədəniyyət abidələrinə böyük hörmətlə yanaşmalı, onu münaqişə ocağına çevirməməlidirlər. Burada uzun zaman kəsiyində mövcud olmuş mədəniyyətlər bir-birini əvəz etmişlər. Həmin mədəniyyəti bizlərə miras qoyub getmiş istər atəşpərəstlər, istərsə də xaçpərəstlər mahiyyət etibarı ilə eyni məqsədə –  mənəvi-əxlaqi kamilliyə can atmış, tanrıçılıq fəlsəfəsini təbliğ edərək, onun carçısı olmuşlar. Gəlin, bu cür çətin, amansız  bir şəraitdə yaşayaraq, tanrı sevgisinə tapınmış və dünyadan təmənnasız köçmüş o insanların ruhuna hörmət edək.
Mağara-məbədlərə yuxarıda qeyd etdiyimiz kimi, turizmin təşkil edilməsi ilə yanaşı, onların həm də müqəddəs yer kimi ziyarət edilməsi, bu gün dini azadlığın, tolerantlığın təntənəsi olardı.
Yekun olaraq, qeyd etmək istərdik ki, Azərbaycan Respublikası bütün bu deyilənlərlə əlaqədar müvafiq şəraitin yaradılmasına təminat verir. Bunu ərazidə hərbi xidmətlərini yerinə yetirən əsgər və zabitlərin fəaliyyətində və davranışlarında əyani olaraq müşahidə etmək olar.  Onlar  öz vəzifə borclarını ölkəmizin demokratik prinsipləri çərçivəsində layiqincə yerinə yetirirlər.
Biz sonuncu dəfə 2012-ci ildə qoruqda olarkən, əvvəlki illərlə müqayisədə insanlar tərəfindən oranın ziyarət edilməsinin daha da kütləvi hal almasının şahidi olduq.

ƏDƏBİYYAT

  1. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, I cild. Bakı, 1976, 592 s.
  2. Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə, (“Azərbaycan” cildi). Bakı, “AME”-nin Elmi Mərkəzi, 2007, 884 s., ill.
  3. Hacıyev İ.A. “Keşikçidağ” : alban – xristian məbədləri. AMEA Mİİ İncəsənət və mədəniyyətin problemləri. Beynəlxalq elmi jurnal. Bakı, “Təknur”, 2012,  №1 (39), s. 11-23.
  4. Xəlilov M.C. Albaniyanın xristian abidələri. (IV-X əsrlər), Bakı, “Xəzər Universiteti”, 2011, 344 s., ill.
  5. Mansurov M.M. Ceyrançöl arxeoloji ekspedisiyasının 2009-cu il çöl-tədqiqat işlərinin ilkin nəticələri. AMEA Arxeo­lo­­giya və Etnoqrafiya İnstitutu. Azərbaycanda arxeoloji təd­qi­qat­­lar. Bakı, “Xəzər Universiteti”, 2010, s. 19-25
  6. Мамедова Г.Г. Зодчество Кавказской Албании. Баку, «Чашыоглы»,2004, 224 с. илл.
  7. Наджи Ф. Кешикчидаг. Научно – популярный журнал “Yol”. Баку, 2009, №3 (16), с. 6-19
  8. Уоллэйс Р. Мир Леонардо, 1452-1519. Москва, «ТЕРРА», 1997, 192 с., илл.
  9. Художественная галерея да Винчи. Москва, 2004, № 7.
  10. Чубинашвили Г.Н. Пещерные монастыри  Давид – Гареджи. Очерк по истории искусства   Грузии. Издательство АН Грузинской ССР. Тбилиси, 1948, 118 с., илл.

                                                                               İmaş Hacıyev

  “Keşikçidağ”  mağara – məbədlər kompleksi
Təqdim edilmiş məqalədə Ağstafa rayonunda Gürcüstan – Azərbaycan sərhədində yerləşən “Keşikçidağ” Dövlət – Tarix Mədəniyyət qoruğunun tarixi-mədəni inkişaf dövrləri tədqiq edilir. Mağara – məbədlərdə Bibliya süjetləri əsasında yaradılmış zəngin  freskaların tarixinin araşdırılmasına xüsusi olaraq diqqət yetirilmişdir. Yekunda sözügedən obyektin davamlı olaraq tədqiq edilməsi üçün təklif və tövsiyələr verilmişdir
Açar sözlər: Alban dövrü, abidələr, qoruq, freskalar, bərpa.

Imaş Hacıyev,  
    sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosen
t

Spread the love