Divar boyakarlığının bariz nümunəsi – freskalar

7 Sentyabr 2018 Tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılmış, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olmuşdur. Həmin abidələrdən biri ”Keşikçidağ” mağaralar kompleksidir. Həmin mədəniyyəti bizlərə miras qoyub getmiş istər atəşpərəstlər, istərsə də xaçpərəstlər mahiyyət etibarı ilə eyni məqsədə-mənəvi-əxlaqi kamilliyə can atmış, tanrıçılıq fəlsəfəsini təbliğ edərək onun carçısı olmuşlar. Mağara-məbədlərin həm müqəddəs yer kimi ziyarət edilməsi,həm də oraya turistlərin cəlbi dini azadlığın, tolerantlığın təntənəsi olmaqla yanaşı, bu abidələrin dünyaya tanıdılmasında çox əhəmiyyətlidir. Qeyd etməliyik ki, qoruğun ərazisində yerləşən mağaraların divar və tavanlarında Bibliya süjetləri əsasında işlənmiş zəngin freskalar respublikada anoloqu olmayan möhtəşəm incəsənət abidəsidir. Bu nümunələrin özəlliyi ondadır ki,kim tərəfindən işlənilməsindən asılı olmayaraq, xristian incəsənəti, monumental divar boyakarlığının bariz nümunəsi kimi əhəmiyyət kəsb edir. Bu nümunələrin bugünümüzə qədər qorunub saxlanılması respublikamızda tolerantlığın əyani sübutudur. Lakin zaman keçdikcə fiziki təsirlərə məruz qalan qiymətli abidə öz vizual effektini itirməkdədir. Bundan başqa ərazidə sovet hərbi poliqonunun yerləşdiyi dövrdə təsvirlərin ayrı-ayı hissələri küt alətlərlə cızılmış, kobud vəziyyətə salınmışdır. Cızılmış yerlərdə hətta əsgərlərin vaxtilə rus dilində yazdığı kobud ifadələr də qalmaqdadır.

Spread the love