Ceyrançöl paleolit ekspedisiyasının rəhbəri Mənsur Mənsurov

2010-cu ilin noyabrında Ceyrançöl paleolit ekspedisiyasının rəhbəri Mənsur Mənsurov arxeoloji kəşfiyyat işləri zamanı Qazax rayonunun Yuxarı Salahlı kəndinin şimal-şərqində, Poylu yolunun üst tərəfində, Əyrilər deyilən sahədə-hündür terras üzərindəki üç təpədə son tunc-erkən dəmir dövrünə aid yaşayış yerləri qeydə almışdır. Təpələr şərq-qərb istiqamətində uzanır, düzənliyə açılan sərhəddi təbii yarğanlarla hüdudlanır. Yalnız şərq tərəfi açıq sahəyə çıxır. Bu vəziyyət isə onların üzərindəki yaşayış yerlərini strateji baxımdan əlverişli sahədə yerləşmələrini şərtləndirmişdir. Bu arxeoloji abidə ehtimal ki, böyük bir yaşayış məskəni olmuşdur. Bunu hər üç təpədə tapılan maddi- mədəniyyət qalıqlarının eyni dövrə aid olması bir daha sübut edir. Yaşayış yerindən xeyli miqdarda gil qab nümunələri və daş məmulatı aşkarlanmışdır. Keramika nümunələrinin əksəriyyətinin üzərində naxış elementlərinə rast gəlinir. Tapılmış keramika fraqmentlərinin çoxu təmiz gil tərkibə mali olmaları ilə seçilirlər. Yaxşı hazırlanmış, sabit tempraturda bişirilmiş, qulaqcıq formalı qulpların bəzilərininisə üzərində çərtmə naxışları vardır. Kuzə və bardaq qulplarının üzərində isə ştrixlər verilmişdir. Əksər kuzə fraqmentlərinin boyun və çiyin hissələrində bir-birinə paralel çərtmə və cızma naxışlar çəkilmişdir. İki paralel xətlər arasından dalğalı cızma naxışların çəkilməsi hallarına da rast gəlinir. Xeyrə tipli gil qab fraqmentlərinin daxili səthinə isə günəş şüaları timsalında xətlərin çəkilməsi də xasdır. Cəmi bir neçə ədəd fraqmentə də rast gəlindi ki, onların səthində bişirilməzdən əvvəl cızma və çərtmə üsulu ilə şaquli və ya üfüqi olaraq bir-birinə paralel düz və ya dalğalı xətlər çəkilmiş, qab bişirilməzdən sonra isə onların içərisi qabın rənginə uyğun gil boya məhlulu ilə boyanmışdır. Belə qab fraqmentləri əsasən nazik divarlıdır.

Spread the love