“Hasarlı yaşayış düşərgəsi”

Ceyrançöldə – Keşikçidağ yaxınlığında daş dövrünə aid yeni “Hasarlı yaşayış düşərgəsi”. Qoruq əməkdaşları 19 may 2020-ci il tarixində Ceyrançöl ərazisində yeni Hasarlı yaşayış düşərgəsi aşkarlamışlar. Səthi dairəvi şəkildə sal daşla döşənmiş açıq düşərgəyə baxış keçirilərkən bu maddi-mədəniyyət nümunələrinin əsasən daş dövrünə aid təsərrüfat və məişət qalıqları, kəsici, deşici alətlər olduğu müəyyən edilmişdir. Tapıntılar içərisində obsidiandan (dəvəgözü, maqmatik dağ süxuru, vulkanik şüşənin bir növü) hazırlanmış alətlər üstünlük təşkil edir. Hasarlı yaşayış düşərgəsində alətlərin çoxluğu və müxtəlifliyi bu yerin emalatxana kimi istifadə edilməsinə ehtimal verir. Kəsici və deşici alətlərin çoxluğu burada yaşayan qədim insanların əsasən ovçuluq və yığıcılıqla məşğul olduqlarından xəbər verir. Bu minlərlə maddi-mədəniyyət nümunələrinin tədqiqi bölgədə qədim insanların məskunlaşma tarixininin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.